Dron hücumu yük gəmisini alova bürüdü: türk ekipaj üzvləri xilas edildi

Qara dənizdə hərəkətdə olan Panama bayraqlı “Victress” adlı yük gəmisinə dron hücumu həyata keçirildiyi bildirilir. Hadisədən sonra gəmidə güclü yanğın başlayıb və alov qısa müddətdə gəminin böyük hissəsini əhatə edib.

Referans Media xəbər verir ki, hadisə ilə bağlı rəsmi məlumatlar hələ tam dəqiqləşdirilməsə də, ilkin məlumatlara görə ekipaj üzvləri arasında Misir, Türkiyə və Hindistan vətəndaşları olub.

Məlumata əsasən, hadisədən dərhal sonra xilasetmə əməliyyatı başladılıb. İlkin mərhələdə 9 ekipaj üzvünün xilas edildiyi, onların arasında Türkiyə vətəndaşlarının da olduğu iddia edilir. Bununla yanaşı, mümkün insan itkisi ilə bağlı məlumatlar yayılsa da, bu barədə hələlik rəsmi təsdiq verilməyib.

Hücumdan sonra yaranan yanğının gəmidə ciddi ziyana səbəb olduğu qeyd edilir. Hazırda gəminin vəziyyəti və itkin düşdüyü bildirilən ekipaj üzvləri ilə bağlı araşdırma və axtarış işləri davam etdirilir. Qara dənizdə son dövrlər ticarət gəmilərinə qarşı təhlükələrin artması beynəlxalq dəniz daşımaları ilə bağlı narahatlıqları da artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki