Dünya bu türkdən DANIŞIR: 1 milyon dollarlıq ŞOK sirri açdı - FOTO

Türk əsilli riyaziyyatçı Levent Alpöge süni intellekt modeli “Claude”un köməyi ilə 167 ildir həllini gözləyən və 1 milyon dollar mükafat vəd edilən Riman fərziyyəsini sübut etdiyini iddia edib.

Referans Media xəbər verir ki, süni intellekt şirkəti “Anthropic”də çalışan Alpöge yayımladığı 4 səhifəlik qeyddə “Claude” ilə birgə apardığı iş nəticəsində fərziyyənin sübutunu əldə etdiyinə inandığını bildirib.

Levent Alpöge “Claude”un köməyi ilə sübutun “Lean” proqramlaşdırma dilində hazırlanmış versiyasını yaratdığını deyib. O qeyd edib ki, bütün riyazi mərhələləri və arqumentləri əhatə edən ətraflı elmi mətn kifayət qədər uzun olacaq. Alpöge özünün də işdəki bütün riyazi addımları hələ tam mənimsəmədiyini etiraf edib və yaxın vaxtlarda geniş izahlı məqalə hazırlamağı planlaşdırdığını açıqlayıb.

Levent Alpöge bu mühüm iddianı ictimaiyyətə açıqlamazdan əvvəl “Anthropic” şirkətinin baş direktoru Dario Amodei ilə məsləhətləşdiyini bildirib.

Riman fərziyyəsi ilə bağlı araşdırmalar aparan riyaziyyatçı Brayan Konrey AFP-yə açıqlamasında bu xəbəri böyük həyəcanla qarşıladığını deyib.

O, baş verənləri belə qiymətləndirib:

“Bu, bəşər tarixində çox böyük bir məqamdır. Düşünürəm ki, bu, indiyədək riyaziyyatda baş vermiş ən böyük inkişaf ola bilər”.

Bununla belə, Konrey sübutun bütün təfərrüatları ilə tanış olmadığını, yalnız Alpögenin internet saytında yayımladığı qeydləri oxuduğunu vurğulayıb. İşin kifayət qədər mürəkkəb göründüyünü bildirən alim sübutun tam mətninin surətini də istəyib.

Qeyd edək ki, alman riyaziyyatçısı Bernhard Riman tərəfindən 1859-cu ildə irəli sürülən Riman fərziyyəsi sadə ədədlərin paylanması ilə bağlı riyaziyyatın ən mühüm açıq problemlərindən biridir. Bu problem 2000-ci ildə Kley Riyaziyyat İnstitutu tərəfindən müəyyənləşdirilən yeddi Minilliyin Mükafatı problemindən biri hesab olunur. Onun həllinə görə 1 milyon dollar mükafat nəzərdə tutulub. Lakin mükafatı qazanmaq üçün sadəcə həll iddiası irəli sürmək kifayət etmir. Təqdim olunan sübut nüfuzlu elmi jurnalda dərc olunmalı, daha sonra isə ən azı iki il davam edən müstəqil elmi araşdırma və yoxlama prosesindən keçməlidir.

Xatırladaq ki, bundan təxminən iki ay əvvəl “Anthropic”in rəqibi olan “OpenAI” də hazırladığı süni intellekt modelinin Minilliyin Mükafatı problemlərindən biri ilə bağlı mühüm nəticə əldə etdiyini açıqlamışdı. Söhbət mayelərin və qazların hərəkətini təsvir edən tənliklərlə əlaqəli riyazi problemdən gedirdi. Lakin həmin sübut da hələ tam şəkildə müstəqil elmi yoxlamadan keçməyib. Üstəlik, bu araşdırmada Alpögenin də iştirak etməsi işin müəllifliyi ilə bağlı müzakirələrə səbəb olmuşdu. “OpenAI” isə hər hansı qayda pozuntusuna yol verildiyi iddialarını rədd etmişdi./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki