İnsanları bayıldaraq “müalicə” edən “həkimlərlə” bağlı çağırış – neyrocərrah xəbərdarlıq etdi

Sosial şəbəkələrdə son zamanlar maraqlı görüntülər yayılır. Belə ki, özünü həkim-mütəxəssis kimi təqdim edən şəxslər pasiyentin boynunun hər iki tərəfində yerləşən damarları bir neçə saniyə sıxaraq onun huşunu itirməsinə səbəb olur, daha sonra isə dərhal ayıldırlar. Bu prosedur beynin və orqanizmin yenilənməsi kimi təqdim edilir.

Bəs bu metodun həqiqətən sağlamlığa hər hansı faydası varmı? Orqanizmdə hansı dəyişikliklərə səbəb olur?

Prosedur nə dərəcədə təhlükəlidir və hansı fəsadlarla nəticələnə bilər?

Referans Media-nın məlumatına görə, Globalinfo.az-a danışan neyrocərrah, tibb üzrə fəlsəfə doktoru Rafael Bayramov deyib ki, insanların huşunu itirməsi boyun arteriyalarının sıxılması ilə əlaqədardır:

“Boyun nahiyəsində damarlar sıxıldıqda insan huşunu itirir. İddialara görə, bu zaman beyində müəyyən yenilənmə prosesləri baş verir. Anatomik baxımdan məsələyə aydınlıq gətirmək lazımdır. Məsələn, Konfutsi deyir ki, əgər yolu itirmisənsə, yenidən başlamaq məsləhətdir. Bu məsələyə də anatomiyadan başlamaq lazımdır. Belə ki, ürəkdən beyinə qan aparan arteriyalar, beyindən isə ürəyə qanı geri daşıyan venalar var. Arteriyalar beyni qanla təmin edir, venalar isə qanı ürəyə qaytarır. Bu damarlar sıxıldıqda beyində hipoksiya yaranır, yəni beyinə kifayət qədər oksigen çatmır. Eyni zamanda, venoz damarlar da sıxılarsa, beyindən geri qayıdan qanın axını zəifləyir. Nəticədə kəllədaxili təzyiq arta bilər”.

Neyrocərrah bildirib ki, yuxu arteriyalarının sıxılması nəticəsində yaranan yuxululuq da məhz hipoksiya ilə əlaqədardır:

“Pikvik sindromundan əziyyət çəkən, xüsusilə artıq çəkili və yaşlı insanlar arasında belə hallara rast gəlinir.

rafael bayramov

Rafael Bayramov

Onlar oturduqları yerdə yuxulaya, xoruldaya, hətta yuxu apnesi, yəni tənəffüsün müvəqqəti dayanması ilə üzləşə bilərlər. Boyun damarlarının sıxılması isə özlüyündə ciddi risklər daşıyır. Beyinə qan aparan arteriyaların sıxılması qan dövranının pozulmasına səbəb ola bilər”.

R.Bayramovun sözlərinə görə, beyindən qanı geri daşıyan venaların sıxılması da qanın axınını çətinləşdirərək kəllədaxili təzyiqin artmasına və digər ciddi fəsadlara səbəb ola bilər:

“Bütün bunlar beyin qan dövranının pozulması ilə nəticələnə bilər. Birmənalı şəkildə deyə bilərəm ki, mən və digər mütəxəssislər, o cümlədən neyrocərrahlar bu cür fikirlərlə razı deyilik. Psevdoelmi yanaşmaların əksinə olaraq, boyunun sıxılması insan beyninin yenilənməsinə səbəb olmur. Əksinə, bu, beyin qan dövranının pozulması kimi ciddi risklər yaradır. Gənc insanlar da bu risklərlə üzləşə bilərlər. Belə bir vəziyyətdə damarların sıxılması nəticəsində insan huşunu itirə, hətta bir daha ayılmaya bilər. Bu isə ağır fəsadlarla nəticələnər”./Globalinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki