Türk dünyasını üç böyük güc arasında bölmək planı - General Duqinin xəritəsini İFŞA ETDİ

Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin görüşü ərəfəsində qalmaqallı xəritə paylaşıb. Xəritədə dünya üç böyük dövlətin təsir dairəsinə bölünüb. Diqqətçəkən məqam isə Azərbaycanın və Türkiyənin Rusiyanın nəzarətinə veriləcək ərazilər kimi göstərilməsidir.

Duqinin paylaşdığı xəritədə Azərbaycanın və Türkiyənin Rusiyanın təsir dairəsinə daxil edilməsi hansı siyasi mesajı verir? Bu, sadəcə Duqinin şəxsi geosiyasi baxışıdır, yoxsa Kremlin müəyyən dairələrində mövcud olan imperialist düşüncənin ifadəsidir?

Picture backgroundMövzu ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi və ehtiyatda olan general Yücel Karauz Musavat.com-a danışıb:"Aleksandr Duqinin paylaşdığı xəritədə üç böyük dövlətin rəngi görünür. Görünməyən isə həmin rənglərə boyanmış ölkələrin öz iradəsidir. Azərbaycan və Türkiyənin Rusiyanın təsir dairəsində göstərilməsi bu baxımdan xüsusi məna daşıyır.Bakı ilə Ankara müttəfiqlik münasibətlərini öz qərarları ilə qurublar. Türküstan dövlətləri də öz tərəfdaşlarını seçir, xarici siyasətlərini milli maraqlarına uyğun müəyyənləşdirirlər. Bu gün Azərbaycanı, Türkiyəni və Türküstan coğrafiyasını üç böyük gücdən hər hansı birinin rənginə boyamaq regionda son otuz beş ildə baş vermiş siyasi dəyişiklikləri nəzərdən qaçırmaq deməkdir".

Generalın fikrincə, Duqinin xəritəni noyabrın 16-da, Donald Tramp, Vladimir Putin və Si Cinpinin Şençjen görüşü ərəfəsində paylaşmasıonun siyasi mənasını açır:"Duqin xəritəni internetdə gördüyünü bildirsə də, onu məhz həmin vaxt yaymaq və görüşü “üçqütblü dünya sammiti” kimi təqdim etmək öz seçimi idi. Bununla o, üç liderin görüşünə daha geniş məna verirdi. Onun təsvir etdiyi düzəndə Vaşinqton, Moskva və Pekin dünya siyasətinin sərhədlərini müəyyənləşdirir, qalan dövlətlərin seçimləri isə həmin sərhədlər daxilində nəzərdən keçirilir".

Picture backgroundYücel Karauzun fikrincə, Duqinin mövqeyini yalnız şəxsi mülahizə kimi qiymətləndirmək düzgün deyil:"Bu baxış həm onun Avrasiyaçılıq anlayışını, həm də Rusiya dövlətinin siyasi yaddaşında yaşayan və dövlət dairələrinin bir hissəsində ifadəsini tapan imperiya təfəkkürünü əks etdirir. Həmin təfəkkürün əsasında keçmişdə müəyyən coğrafiyaya hökm etmiş dövlətin bu gün də orada üstün söz haqqına malik olması fərziyyəsi dayanır. Rusiyanın 2023-cü il Xarici Siyasət Konsepsiyasında ölkənin ayrıca sivilizasiya və böyük Avrasiya dövləti kimi təqdim olunması Duqinin baxışı ilə rəsmi siyasi dil arasındakı yaxınlığı göstərir. Bununla belə, həmin yaxınlıq xəritənin Kremlin tapşırığı ilə yayıldığını və ya üç liderin belə bir bölgü barədə razılığa gəldiyini təsdiqləmir.Bugünkü güc tarazlığını “iki yarım qütblü dünya” kimi səciyyələndirmək mümkündür. Bu qiymətləndirmədə ABŞ və Çin iqtisadi, texnoloji və hərbi imkanları ilə iki əsas qlobal qütbü təşkil edir. Rusiyanın nüvə arsenalı, hərbi gücü və diplomatik çəkisi ona qlobal təsir imkanı verir, iqtisadi və texnoloji imkanları isə həmin təsirin sərhədlərini müəyyənləşdirir. Lakin bu üç dövlət arasındakı qüvvələr nisbəti dünya siyasətinin yalnız bir qatıdır. Başqa bir qatda regional dövlətlər bir araya gəlir, nəqliyyat yolları açır, enerji əlaqələri qurur və öz ortaq maraqlarını müdafiə edirlər. Azərbaycan və Türkiyənin öncüllüyü, Türküstan dövlətlərinin müstəqil iradəsi ilə inkişaf edən Türk Dövlətləri Təşkilatı bu çoxqatlı dünya düzəninin əsas dayaqlarından biridir".

Müsahibimiz deyib ki, bunun ən aydın nümunəsi Xəzərin iki sahili arasında qurulan əlaqədir: "Türküstandan Azərbaycan və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz üzv dövlətlərə marşrut və tərəfdaş seçmək imkanı verir. Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan–Türkiyə müttəfiqliyi isə Bakı ilə Ankaranın bölgənin təhlükəsizliyi və gələcəyi barədə öz aralarında qərar qəbul etmək iradəsini göstərir. Təşkilatın siyasi dəyəri də üzvlərinin bu seçim imkanını genişləndirməsindədir. Rusiya, Çin, ABŞ və Avropa ilə əməkdaşlığın istiqamətini və həddini hər bir üzv dövlət özü müəyyən edir.Azərbaycan və Türkiyənin öncüllüyündə, Türküstan dövlətlərinin bərabər iştirakı ilə güclənən Türk Dövlətləri Təşkilatı heç bir dövlətin nəzarəti altında deyil və heç bir böyük gücün nüfuz dairəsinə aid sayıla bilməz. Türk dünyasının gələcəyini müəyyənləşdirmək haqqı onun suveren dövlətlərinə və xalqlarına məxsusdur".

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki