Rusiyanın Krasnodar diyarında yaşayan azərbaycanlı Tapdıq Həsənov Prezident Vladimir Putinə müraciət edərək ona Rusiya vətəndaşlığı verilməsini istəyib. Onun bu müraciətinin səbəbi ailəsinin Rusiyada yaşaması, Azərbaycana qayıtmaqla bağlı problemlərlə üzləşdiyini iddia etməsi və 31 yaşlı oğlunun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynada müharibəyə getməsidir.
Referans Media xəbər verir ki, “Svobodnaya Pressa” nəşrinin yaydığı məlumata görə, Sadıq Həsənov 2026-cı ilin sentyabrında Novorossiysk şəhərinə Ukrayna dronlarının hücumu zamanı baş verən faciənin şahidi olub. Həmin hadisədən sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və hərbi xidmətə yollanıb. Sonradan cəbhəyə göndərilən Sadıqdan xəbər kəsilib. Atasına əvvəlcə oğlunun hərbi xidmətdə olduğu bildirilsə də, sonradan onun aktiv olmadığı və əsirlər siyahısında yer almadığı deyilib. Beləliklə, Sadıq Həsənovun taleyi naməlum qalıb.
Atası Tapdıq Həsənovun sözlərinə görə, o, 2008-ci ildə Azərbaycandan Rusiyaya köçüb. Əvvəlcə Krasnoyarsk diyarında, 2020-ci ildən isə Novorossiyskdə yaşayıb. Kənd təsərrüfatı ilə məşğul olub, tərəvəz və meyvə yetişdirərək satıb, ehtiyacı olanlara yardım göstərib. Bu fəaliyyətinə görə müxtəlif ictimai təşkilatlardan, veteranlar cəmiyyətindən və hətta Daxili İşlər Nazirliyindən təşəkkürnamələr aldığını bildirib.
T.Həsənov Rusiya vətəndaşlığı istəməsinin səbəbini Azərbaycan qanunlarına görə xaricdə döyüşənlərin məsuliyyətə cəlb edilməsidir. Onun iddiasına görə, özü və oğlu Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən mövqedə olduqları üçün bu sərt qanunlar onlara aid edilə bilər. T.Həsənov məhz buna görə o, Vladimir Putinə müraciət edərək Rusiya vətəndaşlığı istəyib. Onun sözlərinə görə, oğlunun Rusiya ordusunda xidmətə başlamasından sonra Azərbaycan pasportunu yeniləmək mümkün olmayıb. Rusiya vətəndaşlığı da ala bilmədiyindən nəticədə sənədsiz vəziyyətə düşüb.
Məsələ bununla da bitməyib. Noyabrın 17-də T.Həsənovun deportasiyası ilə bağlı məhkəmə prosesi keçirilib. Vəkili Sevil Kotovanın açıqlamasına görə, məhkəmə prosessual pozuntular səbəbindən deportasiya qərarını ləğv edib. Bununla belə, Həsənovun noyabrın 27-dək miqrantların müvəqqəti saxlanma mərkəzində qalacağı bildirilib.Onun Rusiyada rus həyat yoldaşı Yelena və üç azyaşlı övladı var. Həsənov ailənin yeganə dolanışıq mənbəyi olduğunu deyir. İndi isə bir tərəfdən itkin düşmüş oğlunun taleyini öyrənməyə çalışır, digər tərəfdən özünün Rusiyada qalmaq hüququ uğrunda mübarizə aparır.
“Svobodnaya Pressa”nın məlumatına görə, nəşr Həsənova kömək göstərilməsi üçün MDB Ölkələri İnstitutuna da müraciət edib. Məsələnin araşdırılmağa götürüldüyü bildirilir./Musavat.com/
