Son günlərdə Vaşinqton və Təl-Əvivin Tehrana qarşı sərt mövqeyi, İranın isə buna cavab olaraq regiondakı təsir imkanlarını genişləndirməyə çalışması yeni və təhlükəli geopolitik mərhələnin başlandığını göstərir. Bu qarşıdurma hər nə qədər əsasən Yaxın Şərq məkanında cərəyan etsə də, onun dalğalarının Cənubi Qafqaza çatması ehtimalı getdikcə daha real görünür. Xüsusilə İranın Azərbaycan və Ermənistanla sərhəddə yerləşməsi, regionun mühüm nəqliyyat və enerji dəhlizlərinin üzərində olması Cənubi Qafqazı bu böyük qarşıdurmanın potensial təsir zonalarından birinə çevirir. Əgər Yaxın Şərqdə müharibə genişlənərsə, bunun Cənubi Qafqaza bir neçə istiqamətdə təsiri mümkündür. İlk növbədə təhlükəsizlik riski arta bilər. İranın regiondakı proseslərə reaksiyası, sərhəd boyunca hərbi aktivliyin yüksəlməsi və müxtəlif geosiyasi güclərin maraqlarının toqquşması Cənubi Qafqaz üçün əlavə gərginlik yarada bilər. Digər tərəfdən, enerji və nəqliyyat marşrutları da bu qarşıdurmadan kənarda qalmayacaq. Yaxın Şərqdə sabitliyin pozulması Avropa üçün alternativ enerji və tranzit marşrutlarının əhəmiyyətini artırdıqca, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz daha strateji mövqeyə yüksələ bilər.
Eyni zamanda region ölkələri üçün diplomatik manevr imkanları və riskləri paralel şəkildə artacaq. Bir tərəfdən Qərb və regional güclər Cənubi Qafqazı daha aktiv şəkildə öz strateji planlarına daxil etməyə çalışa bilər, digər tərəfdən isə İranla coğrafi yaxınlıq bölgə dövlətlərini daha həssas vəziyyətə sala bilər.
Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında bildirib ki, İran müharibəsinin Cənubi Qafqaz da daxil olmaqla bütün regiona təsir etdiyi ortadadır:
“İranın Naxçıvana dron hücumu, eyni zamanda SEPAH-ın Bakı-Tbilisi Ceyhan kəmərinə terror hücumu cəhdinin qarşının alınması potensial riskləri göstərdi. Hazırda İran rəhbərliyi qonşu ölkələrə hücum taktikasından imtina etdiyini açıqlasa da, bu, tam zəmanət demək deyil. Birincisi, İranın siyasi-hərbi rəhbərliyi arasında fikir ayrılığının olduğu, koordinasiya problemlərinin yaşandığı məlumdur. İkincisi, müharibənin gedişatında SEPAH-ın regionda xaos yaratmaq cəhdləri davam edə bilər. Bu baxımdan, hədəf təkcə Azərbaycan yox, regionun digər ölkələri – Ermənistan və Gürcüstan da ola bilər. Ermənistanda Avropanın “müşahidə missiyası” adı altında fəaliyyət göstərən qüvvələri, Gürcüstanda isə BTC-nin bu ölkənin ərazisindən keçən hissəsinə risklər var. İran bir neçə dəfə “Avropa müharibəyə qoşularsa, əvəzini ödəyəcək” xəbərdarlığını edib. Bu xəbərdarlığın praktiki icrasına gəldikdə, İranın birbaşa Avropaya zərbə endirmək imkanları məhduddur, əvəzində bölgədəki mövqelərinə hücumlar edə bilərlər ki, qeyd etdiyimiz ərazilər mümkün hədəflərdir. Xüsusilə İran Avropanın enerji təhlükəsizliyini sabotaj etmək cəhdi göstərə bilər. Bu baxımdan, İran müharibəsinin Cənubi Qafqaza aydın təsirləri var. Bu təsirləri neytrallaşdırmaq üçün regionun hər üç ölkəsi cari dövrə hesablanmış təhlükəsizlik əməkdaşlığını genişləndirə bilər. Bura sərhədlərin möhkəmləndirilməsi, hava məkanının təhlükəsizliyinin təmin edilməsi kimi amillər daxildir”.






















