image-devrim-muhafizlari-ndan-yeni-hurmuz-bogazi-tehdidi-19644453_5808_ampbackend

İran Hörmüz boğazından rüsum tələb edə bilər? – Ekspertdən açıqlama

İranın Hörmüz boğazı və Fars körfəzindən keçən kommersiya gəmilərindən “təhlükəsizlik rüsumu” tələb etmək planı regionda geniş müzakirələrə səbəb olub. Müharibə şəraitində İranın bu strateji marşruta faktiki olaraq nə dərəcədə nəzarət edə biləcəyi və belə bir addımın qlobal neft bazarı ilə enerji qiymətlərinə mümkün təsirləri diqqət mərkəzindədir.

image-sedreddin-soltanReferans Media-ya açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran hakimiyyətinin kommersiya gəmilərindən təhlükəsizlik rüsumu tələb etməsi real görünmür. Onun sözlərinə görə, bu daha çox Tehran hakimiyyətinin özünü göstərmək, güclü olduğunu nümayiş etdirmək və çəkindiricilik qabiliyyətini ortaya qoymaq məqsədi daşıyır. Çünki belə bir addımın atılması İran hakimiyyəti üçün çox ziyanlı nəticələr verə bilər.

Siyasi şərhçi qeyd edib ki, Hörmüz boğazından dünya ticarətinin təxminən 20–30 faizi, sıxışdırılmış maye qazın isə təxminən 30 faizi keçir. Bu isə elə ölkələrə aid deyil ki, dünya ticarəti bu məsələdə iflic olsun. Digər tərəfdən, körfəzdən Tehran hakimiyyəti özü də istifadə edir və onun müttəfiqləri, tərəfdaşları da bu marşrutdan yararlanır. Rusiya və Çin kimi ölkələr də həmin marşrutdan istifadə edir. Ona görə də körfəzi birdəfəlik bağlamaq və ya burada təhlükəsizlik rüsumu tələb etmək kimi iddialar real görünmür.

Sədrəddin Soltan vurğulayıb ki, regionda müharibənin başlaması neftin qiymətinin bahalaşmasına təsir göstərir. Onun sözlərinə görə, son məlumatlara əsasən bir sıra ərəb ölkələri, daha doğrusu körfəz ölkələri – Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri gündəlik neft hasilatını təxminən 6,5 milyon tonadək azaldıblar. Bu isə təbii olaraq dünya bazarında neftin qiymətinin artmasına təsir edir.

Ekspert bildirib ki, neftin qiymətinin artması yalnız İranın Hörmüz boğazı ilə bağlı addımları ilə izah olunmur. Burada hasilatçı ölkələrin “qara qızıl”ın hasilatını azaltması da mühüm rol oynayır. Onun sözlərinə görə, belə hallar adətən böhran, toqquşma və münaqişə dövrlərində müşahidə olunur və neftin bahalaşması bu cür proseslər zamanı qeyri-adi hal sayılmır.

Sədrəddin Soltan əlavə edib ki, neftin qiyməti bəzən 20 dollara qədər də enə bilər, bəzən isə yüksəlir. Bu isə dünya iqtisadiyyatı, beynəlxalq siyasət və qlobal münasibətlərdə baş verən proseslərlə birbaşa bağlıdır.

Qeyd edək ki, Yaxın Şərq ölkələri Hörmüz boğazında gəmiçiliyin demək olar ki, tamamilə dayandırılması və anbarların dolması fonunda neft hasilatını azaltmağa davam edir. Səudiyyə Ərəbistanı hasilat həcmini sutkada 2–2,5 milyon barrel, Birləşmiş Ərəb Əmirlikləri 500–800 min barrel, Küveyt təxminən 500 min barrel, İraq isə təxminən 2,9 milyon barrel azaldıb.

Nisbi ifadədə ən böyük azalma İraqın payına düşür. Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdə hasilatın azalması isə fevral ayındakı hasilat səviyyəsinin təxminən 20–25 faizini təşkil edir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki