ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlarda hədəfə alınan obyektlər arasında neft yataqları və neft emalı müəssisələri də var. İsrail aviasiyası bir neçə gün öncə Tehran yaxınlığındakı neft anbarını vurdu və bunun nəticəsində böyük yanğın baş verdi.
Bu hücumdan sonra dünya bazarında neft qiymətlərində artım müşahidə edildi. ABŞ üçün neft qiymətlərinin yüksəlməsi əlverişli olmadığından, neft yataqlarına və ya neft rezervuarlarına hücum əməliyyatları dayandırıldı. Qərb analitiklərinin fikrincə, indi ABŞ İranın neft yataqlarını dağıtmaqdansa, onların ələ keçirilməsini daha məqbul variant kimi nəzərdən keçirir. Analitiklər hesab edir ki, ABŞ körfəzdən hücum etməklə neft yataqları olan əraziləri işğal edə bilər.
Bəs İranın zəngin yataqları ölkənin hansı hissəsində yerləşir?
Referans Media xəbər verir ki ,Sfera.az-ın araşdırmasına əsasən, dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarından birinə malik olan İranın əsas yataqları ölkənin cənub və cənub-qərb hissəsində cəmləşib.
İranın neft sənayesinin əsas mərkəzi sayılan bölgə Xuzistan əyalətidir. Bu əyalət Fars körfəzinə yaxın yerləşir və ölkənin ən böyük neft yataqları məhz burada yerləşir. İranın ən iri yataqlarından olan Əhvaz, Marun və Qaçsaran neft yataqları bu bölgədədir. Bu yataqlar İranın neft hasilatının böyük hissəsini təmin edir.
Bununla yanaşı, ölkənin cənubunda yerləşən Buşehr və Hörmüzgan əyalətləri də enerji ehtiyatları ilə zəngin ərazilər hesab olunur. Bu bölgələrdə həm quruda, həm də dənizdə yerləşən neft və qaz yataqları mövcuddur. Eyni zamanda, Fars körfəzi sahillərində yerləşən terminallar İranın neft ixracında mühüm rol oynayır.
İranın enerji ehtiyatlarının bir hissəsi isə dəniz yataqlarında cəmləşib. Fars körfəzində yerləşən “Cənub Pars” qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biri hesab olunur. Bu yataq İran ilə Qətər arasında bölüşdürülür.
Göründüyü kimi, Fars körfəzi sahillərində yerləşən ərazilər İranın ən zəngin neft-qaz yataqlarının yerləşdiyi bölgələrdir. ABŞ müttəfiqləri ilə bu ərazilərə qoşun çıxarmaqla onları nəzarətə götürə bilər.






















