Daxili bazarda duru yağların satış qiymətində artım müşahidə olunur. Bu sahədə yerli istehsal olsa da hələki xaricdən gətirilən məhsullara uduzuruq. Yerli şirkətlər xarici həmkarları ilə rəqabət apara bilmirlər. Bu da mağaza rəflərindəki qiymət lövhələrində əks olunur.
Qiymət artımına çox amillər təsir edir. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Referans MEDİA-ya bildirib ki, bu məsələdə Rusiya amilini də nəzərə almaq lazımdır. Azərbaycanda istehsal olunan duru yağların xammalı xaricdən – əsasən Rusiyadan gətirilir. Rusiya – Ukrayna müharibəsinə görə şimal qonşularımızın iqtisadi vəziyyətinin ağır olması, Rusiyada rublun dəyərinin aşağı düşməsi qiymətin artmasına gətirib çıxarıb. Onsuz da dünyada bu yağların qiymətində 20 – 25 faiz bahalaşma müşahidə olunur. Yerli istehsalla müqayisədə daxili bazar xaricdən alınan məhsullar üstünlük təşkil edir. Ölkəmizdə duru yağ istehsalı üçün vacib xammal təminatı üçün əkinçilik sahəmiz də arzu olunan səviyyədə deyil. Yerli duru yağ istehsalçıları qiyməti sabit saxlamağa çalışsalar da Rusiyada rublun dəyərinin aşağı düşməsi bizdə də bu məhsulun satış qiymətlərinin artmasına gətirib çıxardır.
Qiyməti artan məhsullardan biri də kərə yağıdır. Kərə yağının qiymətində artım əhalinin bir qismini daha ucuz məhsulları almağa vadar edir. Piştaxtalarda çox sayda kərə yağını əvəz edən yağlar var. Həmçinin, hər dəfə bahalaşma dalğası gələndə duru yağa tələbat yüksəlir. Bu hal davamlı olanda qiymətin artmasına səbəb olur.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Bella Bəşirova da Referans MEDİA-ya öz mövqeyini bildirib. O, deyir ki, qiymət artımına təsir edən amillərdən biri duru yağ idxal etdiyimiz Rusiya, Ukrayna kimi ölkələrdə müharibənin davam etməsi, elə bununla bağlı olaraq logistika riskləri, yol, gömrük çətinlikləridir. Başqa amil ölkədə yanacağın qiymətinin artmasıdır ki, bu da yük daşınması xərclərinin artmasına və müvafiq olaraq nəqliyyat vasitələri ilə daşınan malların qiymətinin artırılmasına səbəb olur. Yəni, son nəticə satış qiymətində əks olunur. Digər bir amil ölkədə məvaciblərin, təqaüdlərin artımıdır. Hər dəfə belə qərar veriləndə müəyyən işbazlar bundan sui-istifadə edərək satdıqları məhsulları bahalaşdırırlar. Təkcə duru yağları deyil, bütün məhsulların satışında bu görünür.
Ekspert vəziyyətdən çıxış yolu kimi ənənəvi iqtisadi partnyorlarla bərabər alternativləri də tapmalı, başqa ölkələrdən də məhsul gətirməli olduğumuzun lazım olduğunu bildirir. Yaxud da ölkədə əkinçilik sahəsini dirçəltmək lazımdır. Dövlətimiz də aqrar sahəyə güzəştli kreditlər, subsidiyalar verir, sahibkarlara məşğulluq şəraiti yaradır. Bundan səmərəli şəkildə yararlanmaq lazımdır. Məsələn, günəbaxan əkinini genişləndirmək lazımdır ki, öz istehsalımız, öz xammalımız olsun. Kənd təsərrüfatı sahəsinə daha çox sərmayə qoyulmalıdır. Bir sözlə, torpağı dirçəldək ki, o da bizi dirçəltsin.
Sima Babayeva
