Baş nazir Əli Əsədov Azərbaycanda bəzi spirtli içkilərin idxalı ilə bağlı yeni qərar imzalayıb. Qərara əsasən, şərab, konyak, viski, rom, cin və araq üçün gömrük rüsumları dəyişdirilir. Belə ki, bu məhsullar üçün 15 faizlik rüsum tətbiq olunacaq, bəzi içkilərdə isə hər litrə minimum dollar məbləği müəyyənləşdirilib. Qərar 90 gün sonra qüvvəyə minəcək və 2030-cu ilin sonunadək qüvvədə olacaq.
Yeni gömrük rüsumları xaricdən gətirilən spirtli içkilərin qiymətini nə qədər artıra bilər? Bu, yerli içki bazarına və istehlakçıya necə təsir edəcək?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu qərar xaricdən gətirilən spirtli içkilərin qiymətinin artmasına təsir göstərəcək:
“Şüşə qabda olan şərab və digər məhsulların qiyməti 2-3 manat bahalaşa bilər. Bunun əsas məqsədi yerli istehsalçıları dəstəkləmək, yerli məhsulların daha münasib qiymətə təklif olunmasına və istehlakçıların bu məhsullara yönəlməsinə şərait yaratmaqdır”.
Natiq Cəfərli
İqtisadçı bildirib ki, bu tədbirin nə dərəcədə effektiv olacağını zaman göstərəcək:
“Çünki bəzi hallarda yerli şərabların qiyməti xarici məhsullardan 8-10 manat daha baha olub. İndi qiymət fərqinin azalması yerli istehlakçıların yerli şəraba marağını artıracaqmı, bunu növbəti mərhələdə görəcəyik. Lakin yerli şərab istehsalçıları keyfiyyəti də əhəmiyyətli dərəcədə artırmalıdırlar. İnsanların yerli məhsula seçiminin yalnız qiymət amili ilə deyil, həm də keyfiyyətinə olan inamla formalaşması vacibdir”.
