Maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsi kimi qiymətləndirilsə də, qiymətlərin paralel şəkildə artması bu dəyişikliklərin vətəndaşların real alıcılıq qabiliyyətinə təsirini zəiflədə bilər. Xüsusilə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclərin bahalaşması fonunda gəlirlərin nominal artımı əhalinin gündəlik həyatında gözlənilən rahatlığı hər zaman təmin etmir.
Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, maaş və pensiyaların artırılması ilk baxışdan əhalinin gəlirlərinin yüksəlməsi deməkdir. Lakin vətəndaş üçün əsas göstərici nominal gəlirin nə qədər artması deyil, həmin gəlirlə əvvəlkindən nə qədər çox məhsul və xidmət almağın mümkün olmasıdır.
Onun sözlərinə görə, maaş 10 faiz artırsa, amma ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclər ümumilikdə 10 faizdən daha çox bahalaşırsa, həmin şəxsin real gəliri əslində artmır, hətta azala bilər.
Bu səbəbdən son illərdə maaş və pensiyalarda artımların əhəmiyyətli hissəsi inflyasiyanın təsirini kompensasiya etməyə yönəlir. Vətəndaşın gəliri artır, amma paralel olaraq onun xərcləri də yüksəldiyi üçün ailə büdcəsində gözlənilən rahatlama tam hiss olunmur. Xüsusilə aşağı və orta gəlirli ailələrdə bu problem daha qabarıq görünür. Çünki onların gəlirlərinin böyük hissəsi ərzaq, kommunal ödənişlər, nəqliyyat, dərman və digər zəruri xərclərə gedir. Belə ailələrin bahalaşmadan yayınmaq və xərcləri azaltmaq imkanları da məhduddur.
Nəsirli orta əməkhaqqı göstəricisinə də ehtiyatla yanaşmağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, ölkə üzrə orta maaşın artması bütün vətəndaşların gəlirlərinin həmin səviyyədə olması demək deyil. Orta göstəriciyə yüksək maaş alanların gəlirləri də daxil edilir. Buna görə əhalinin real vəziyyətini qiymətləndirərkən median əməkhaqqına, aşağı gəlirli ailələrin gəlirlərinə və onların istehlak səbətinə daha çox diqqət yetirilməlidir.
İqtisadçı pensiyaçılar üçün də vəziyyətin oxşar olduğunu qeyd edib. Bildirib ki, pensiyanın artırılması müsbət addımdır, lakin pensiyaçının əsas xərcləri ərzaq, kommunal xidmətlər, dərman və tibbi xidmətlərdən ibarətdirsə, məhz bu məhsul və xidmətlərin qiymət artımı pensiya artımından yüksək olduqda real sosial effekt zəifləyir. Ona görə pensiya artımını yalnız faizlə deyil, pensiyaçının əvvəlki və sonrakı real alıcılıq qabiliyyəti ilə qiymətləndirmək daha doğrudur.
“Əhalinin real gəlirlərinin davamlı artması üçün təkcə maaş və pensiyaları yüksəltmək kifayət deyil. Əmək məhsuldarlığının artırılması, yeni və daha yüksək ödənişli iş yerlərinin yaradılması, özəl sektorun genişlənməsi və iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin artırılması əsas məsələlərdəndir. İqtisadiyyat daha çox məhsul və xidmət istehsal etmədən gəlirləri davamlı şəkildə artırmaq inflyasiya təzyiqini gücləndirə bilər”, - deyə o vurğulayıb.
Nəsirlinin sözlərinə görə, qiymətlərin formalaşdığı bazarlarda rəqabətin gücləndirilməsi də vacibdir. Ərzaq, dərman, tikinti materialları və digər zəruri məhsullar üzrə bazarda rəqabət zəifdirsə, gəlirlərin artırılması bəzi hallarda qiymətlərin də yüksəlməsinə səbəb ola bilər. Bu zaman maaş artımının bir hissəsi istehlakçıdan satıcıya transfer olunur və vətəndaş gözlədiyi rifah artımını hiss etmir.
Kommunal xərclərin də ayrıca əhəmiyyət daşıdığını bildirən iqtisadçı qeyd edib ki, enerji və digər xidmətlərin tariflərində dəyişikliklər əhalinin məcburi xərclərini artırır. Buna görə sosial siyasət yalnız gəlirlərin artırılmasına deyil, aztəminatlı ailələrin əsas xərclərinin idarə olunmasına da yönəlməlidir. Ünvanlı sosial yardım, kommunal subsidiyalar və müəyyən həssas qruplar üçün kompensasiya mexanizmləri burada mühüm rol oynaya bilər.
Onun sözlərinə görə, ən mühüm məsələlərdən biri inflyasiyanın gəlirlərin artım tempini üstələməsinə imkan verməməkdir. Maaş və pensiyalar ildə bir dəfə artırılırsa, qiymətlər isə il ərzində davamlı yüksəlirsə, müəyyən müddətdən sonra həmin artımın real effekti zəifləyir. Buna görə gəlir siyasəti ilə inflyasiya siyasəti bir-birindən ayrı həyata keçirilməməlidir.
“Azərbaycan üçün uzunmüddətli həll yolu neft gəlirlərindən istifadə etməklə gəlirləri inzibati şəkildə artırmaqdan daha çox, iqtisadiyyatın özünün daha yüksək gəlir yaratmaq qabiliyyətini gücləndirməkdir. Kiçik və orta biznesin inkişafı, investisiyaların artması, rəqabətli istehsalın genişləndirilməsi, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması real gəlirlərin davamlı artmasına şərait yarada bilər”, - deyə Nəsirli bildirib.
İqtisadçı əlavə edib ki, maaş və pensiyaların artırılması vacib sosial addımdır, amma onun əhalinin rifahına təsirini yalnız nominal artımla ölçmək düzgün deyil. Əsas sual vətəndaşın həmin artımdan sonra əvvəlkindən daha çox ərzaq, xidmət və digər zəruri məhsul ala bilib-bilməməsidir. Əgər cavab müsbətdirsə, real gəlir artımından danışmaq mümkündür. Əks halda maaş və pensiya artımı əsasən bahalaşmanın kompensasiyasına çevrilir.
Nəsirlinin sözlərinə görə, əhalinin rifahının həqiqətən yüksəlməsi üçün gəlirlərin inflyasiyadan daha sürətli artması, qiymət artımının nəzarətdə saxlanılması və iqtisadiyyatın daha çox yüksək gəlirli iş yeri yaratması lazımdır. Yəni məqsəd sadəcə maaşı artırmaq yox, həmin maaşın alıcılıq gücünü artırmaq olmalıdır.
Gülnaz Abdullazadə
