Kartdan-karta pul göndərənlərə PİS XƏBƏR: Hesabınız hər an dondurula bilər!

Kartdan-karta pul köçürmələrinə tətbiq edilən gündəlik 5 əməliyyat limiti maliyyə əməliyyatlarının təhlükəsizliyi ilə bağlı müzakirələri gündəmə gətirib. Məhdudiyyətin kiberdələduzluq, oğurlanmış kart məlumatlarından istifadə və şübhəli maliyyə əməliyyatlarının qarşısının alınmasına nə dərəcədə təsir göstərə biləcəyi sual doğurur.

Referans Media-nın suallarını cavablandıran İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, bu tip məhdudiyyətin arxasında kibertəhlükəsizlik və maliyyə monitorinqi baxımından məntiqli texniki səbəblər ola bilər. Onun sözlərinə görə, Azərbaycanda son dəyişikliklər fonunda risk-əsaslı yanaşmanın tətbiqi də vurğulanır və 2026-cı ildə kibertəhlükəsizlik üzrə dövlət nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində ayrıca addımlar atılıb.

Mütəxəssis 5 əməliyyat limitinin texniki baxımdan bir neçə üstünlük yaratdığını qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə bu məhdudiyyət oğurlanmış kart məlumatlarının istifadəsini məhdudlaşdırır. Kiberdələduzluq nəticəsində şəxsin kartına və ya bank hesabına giriş əldə edilərsə, hücumçu hesabdan çoxsaylı kiçik məbləğləri müxtəlif kartlara köçürməyə çalışa bilər. Gündəlik əməliyyat sayının məhdudlaşdırılması belə ssenaridə hücumçunun hərəkət imkanını azaldır.

Əsədullayev bildirib ki, əməliyyat limiti avtomatlaşdırılmış “bot” əməliyyatlarına qarşı da əlavə maneə yaradır. Müasir fırıldaqçılıq sxemlərində əməliyyatlar bəzən insan tərəfindən əl ilə deyil, avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilir. Məsələn, bir hesabdan qısa müddətdə onlarla müxtəlif hesaba pul göndərilməsi sistem üçün “şübhəli davranış” siqnalıdır. Əməliyyat sayına limit qoyulması belə davranışın miqyasını məhdudlaşdırır.

İT mütəxəssisinin sözlərinə görə, bu məhdudiyyət “money mule” və şübhəli hesablar şəbəkəsini aşkarlamağı da asanlaşdıra bilər. Cinayətkar sxemlərdə müəyyən şəxslərin hesablarından tranzit hesab kimi istifadə edilə bilər. Bir hesabdan gün ərzində çoxlu müxtəlif şəxslərə pul göndərilməsi və ya qəbul edilməsi risk göstəricisi ola bilər. Limit bankların əməliyyatların monitorinqi sistemləri üçün əlavə nəzarət qatıdır.

O qeyd edib ki, limitin ən vacib üstünlüklərindən biri zərərin miqyasını azaltmağa kömək etməsidir:

“Limit hücumu mütləq dayandırmır, amma hücum baş verdikdə itkinin sürətini və miqyasını azalda bilər. Məsələn, hesab ələ keçirildikdən sonra sistem yalnız bir neçə əməliyyata imkan verirsə, bankın fırıldaqçılığa qarşı sistemi və müştərinin özü hadisəni daha tez aşkarlaya bilər”.

Əsədullayev bildirib ki, belə limitlər yalnız kibertəhlükəsizlik deyil, həm də şübhəli maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi baxımından istifadə oluna bilər. Bu baxımdan məhdudiyyətlər çirkli pulların yuyulmasına qarşı mübarizə və kiberdələduzluq monitorinqinə əlavə risk siqnalı yarada bilər.

Limit təkbaşına kifayət deyil

Mütəxəssis hesab edir ki, gündə 5 əməliyyat limiti təkbaşına güclü kibertəhlükəsizlik tədbiri hesab edilə bilməz. Çünki hücumçu müxtəlif kartlardan, hesablardan və ya başqa vasitələrdən istifadə etməklə limiti müəyyən qədər yan keçə bilər.

Onun sözlərinə görə, əsl effektiv müdafiə sistemi bir neçə texnologiyanın birlikdə işləməsindən ibarət olmalıdır: əməliyyat limiti, real vaxt rejimində fırıldaqçılığa qarşı sistem, davranış analitikası, cihaz və IP analizi, OTP/MFA, biometrik təsdiq və şübhəli əməliyyatların bloklanması.

“Məsələn, istifadəçi əvvəllər heç vaxt 10 manatlıq köçürmələr etməyibsə, birdən-birə müxtəlif şəxslərə ardıcıl köçürmələr etməyə başlayırsa, sistem bunu yalnız “5 əməliyyat” qaydası ilə deyil, davranış modeli ilə də qiymətləndirməlidir”, - deyə o vurğulayıb.

Əsədullayev həmçinin Azərbaycanın Elektron Təhlükəsizlik Xidmətinin 2026-cı ildə fişinq yolu ilə kart məlumatlarının və təsdiq kodlarının ələ keçirilməsi halları ilə bağlı xəbərdarlıq etdiyini xatırladıb. Onun sözlərinə görə, bu da kart təhlükəsizliyində əsas risklərdən birinin istifadəçinin məlumatlarının ələ keçirilməsi olduğunu göstərir.

“Effektivliyi orta səviyyədədir”

İT mütəxəssisi gündəlik 5 əməliyyat limitinin təhlükəsizlik baxımından effektivliyini orta səviyyədə qiymətləndirib.

“Bu məhdudiyyət “son müdafiə xətti” və ya əlavə təhlükəsizlik baryeri kimi faydalıdır. Amma onu əsas kibertəhlükəsizlik mexanizmi kimi qiymətləndirmək düzgün olmaz. Əgər limit ağıllı risk analitikası ilə birlikdə tətbiq edilirsə, effektivliyi kifayət qədər yüksək ola bilər. Sadəcə “gündə 5 əməliyyat” deməklə isə peşəkar kibercinayətkarın fəaliyyətini tam dayandırmaq mümkün deyil”, - deyə Əsədullayev bildirib.

Onun fikrincə, bank sisteminin normal davranış zamanı əməliyyata icazə verməsi, şübhəli davranış zamanı əlavə autentifikasiya tələb etməsi, yüksək risk aşkarlandıqda isə əməliyyatı müvəqqəti bloklayaraq müştərini məlumatlandırması daha məqsədəuyğundur.

“Texniki baxımdan ən düzgün yanaşma hamıya eyni sərt limit qoymaqdan çox, risk əsaslı dinamik limitlərdən istifadə etməkdir. Bu halda həm adi istifadəçinin rahatlığı qorunur, həm də kiberdələduzluq və şübhəli maliyyə əməliyyatlarına qarşı müdafiə güclənir”, - deyə İT mütəxəssisi əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki