UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Türkiyənin "Qalatasaray" klubu Fransa səfərində parlaq və əzmkar qələbəyə imza atıb. Turnirin ilk iki turunu xalsız başa vuran İstanbul təmsilçisi "Lill" komandasının qonağı olub.
Referans Media xəbər verir ki, qol yağmuru və kəskin mübarizə ilə yadda qalan gərgin qarşılaşma "sarı-qırmızılılar"ın 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Matç sürətli hücumlarla başlayıb. Görüşün hələ 2-ci dəqiqəsində Yunus Akgün dəqiq zərbə ilə "Qalatasaray"ı hesabla irəli çıxarıb (0:1). Meydan sahibləri bu qola tez cavab veriblər. Matçın 7-ci dəqiqəsində Soriba Diaoune tarazlığı bərpa edib (1:1). Birinci hissənin sonlarına doğru yenə aktivləşən meydan sahibləri 39-cu dəqiqədə yenə Soriba Diaounenin qolu ilə hesabı 2:1 xeyirlərinə dəyişiblər. Lakin fasiləyə az qalmış – 44-cü dəqiqədə Roland Sallaminin ötürməsini dəqiq qiymətləndirən Aleksey Batrakov hesabı bərabərləşdirib (2:2).
İkinci hissədə hücumlarla başlayan tərəf İstanbul klubu olub. Görüşün 52-ci dəqiqəsində rəqib qapıçı Berke Özerin topu öz qapısına daxil etməsi ilə "Qalatasaray" yenidən hesabda irəli çıxıb (2:3). Nöqtəni isə 61-ci dəqiqədə Barış Alper Yılmazın məhsuldar ötürməsini qola çevirən ulduz hücumçu Viktor Osimhen qoyub və matçın taleyini həll edib (2:4).
Fransada əldə edilən bu möhtəşəm qələbə sayəsində "Qalatasaray" Çempionlar Liqasındakı xal hesabını açıb və növbəti mərhələ uğrunda mübarizədə iddialarını gücləndirib./Musavat.com

