Norveçin Şpitsbergen arxipelaqında yerləşən Lonqyir şəhərində sakinlərə kran suyundan içmək və məişətdə istifadə etmək qadağan edilib.
Referans Media xəbər verir ki, dünyanın ən sürətlə istiləşən yaşayış məntəqələrindən biri hesab olunan Lonqyirdə temperatur qlobal orta göstəricidən 5–7 dəfə sürətlə artır.
Şəhəri içməli su ilə təmin edən İsdammen gölündə ciddi çirklənmə aşkarlanıb. Mütəxəssislərin məlumatına görə, əbədi donuşluğun əriməsi nəticəsində tərkibində pirit olan süxurlar üzə çıxıb. Bu süxurlar su və oksigenlə təmasda olduqda turşu əmələ gəlir. Nəticədə manqan, nikel və sulfatlar suya qarışır.
2025-ci ilin sentyabrında göldə manqanın miqdarı müəyyən edilmiş normanı 25 dəfə ötüb. Belə suyun istifadəsi xüsusilə uşaqlar üçün təhlükəlidir. Manqanın yüksək konsentrasiyası sinir sisteminə ciddi zərər verə bilər.
Şəhərdə kran suyundan istifadə qadağası hələ də qüvvədədir.
Yaranmış vəziyyətlə əlaqədar yerli hakimiyyət sakinləri təmizlənmiş su ilə təmin edir. Maraqlıdır ki, suyun təmizlənməsi prosesində yerli pivə zavodunun filtrasiya avadanlıqlarından istifadə olunur.
Problemin uzunmüddətli həlli üçün göl suyunun xüsusi qurğularla təmizlənməsi və ya duzsuzlaşdırma sisteminin qurulması nəzərdən keçirilir. Lakin Arktikanın sərt iqlim şəraitində bu layihələrin həyata keçirilməsi həm texniki baxımdan mürəkkəb, həm də olduqca bahalıdır.
Alimlər xəbərdarlıq edirlər ki, oxşar geoloji və iqlim şəraiti Kanada və Alyaskada da mövcuddur. Buna görə Lonqyirdə baş verənlər bütün Arktika regionu üçün ciddi xəbərdarlıq hesab olunur./Musavat.com
