İsrailin Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) vasitəsilə regionun əsas ticarət mərkəzinə çevrilmək planı Qəzzada müharibənin başlamasından sonra ciddi zərbə alıb. İddialara görə, Türkiyənin diplomatik təşəbbüsləri fonunda İsraili kənarda qoyan alternativ ticarət marşrutları ön plana çıxmağa başlayıb.
Referans Media xəbər verir ki, Böyük Britaniyanın "Middle East Eye" nəşrində dərc olunan təhlilə əsasən, 2023-cü ildə G20 Sammitində təqdim edilən və Hindistandan Körfəz ölkələrinə, oradan isə İsrailin Hayfa limanı vasitəsilə Avropaya uzanması planlaşdırılan (IMEC) layihəsi təhlükəsizlik riskləri səbəbindən faktiki olaraq dayanıb.
Təhlildə layihənin rəsmi şəkildə ləğv edilmədiyi, lakin İsraildən yan keçən yeni ticarət dəhlizlərinin inkişaf etdirildiyi qeyd olunur.
Yeni marşrutda Türkiyə ön plana çıxır
Məlumata görə, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraq İsraili əhatə etməyən alternativ nəqliyyat və logistika layihələrini sürətləndirirlər.
İyun ayında Türkiyə ilə Səudiyyə Ərəbistanı Osmanlı dövründə fəaliyyət göstərən Hicaz dəmir yolunun İordaniya və Suriya üzərindən yenidən istifadəyə verilməsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Eyni zamanda BƏƏ də İraq və Suriya vasitəsilə Körfəz limanlarını birləşdirəcək yeni ticarət marşrutları üzərində işləyir.
İraqın həyata keçirdiyi "İnkişaf Yolu" layihəsi isə Bəsrədə yerləşən Böyük Fəv limanını Türkiyə üzərindən Avropaya bağlamağı hədəfləyir. Bununla da yüklərin İsrail ərazisinə daxil olmadan Aralıq dənizinə çıxışı nəzərdə tutulur.
Hayfa limanı ilə bağlı diqqətçəkən məqam
Təhlildə bildirilir ki, Hayfa limanının illik təxminən 1,5 milyon konteyner emal gücü Körfəz ölkələri ilə Avropa arasında nəzərdə tutulan iri həcmli ticarət üçün kifayət etmir. Həmçinin müharibə dövründə liman və enerji infrastrukturunun raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalmasının investorların etimadına mənfi təsir göstərdiyi vurğulanır.
İran amili hələ də əsas riskdir
Ekspertlərin fikrincə, regional ticarət üçün əsas risklərdən biri də Hörmüz boğazında yarana biləcək mümkün böhrandır. Belə bir vəziyyət həm Körfəz ölkələrinin iqtisadiyyatına, həm də enerji daşımalarına ciddi təsir göstərə bilər. Bu səbəbdən BƏƏ və Səudiyyə Ərəbistanı, Türkiyənin də iştirak etdiyi alternativ boru kəmərləri və yeni liman layihələri vasitəsilə bu asılılığı azaltmağa çalışırlar.
