Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı iddialara münasibət bildirib.
Referans xəbər verir ki, o, bu addımın ciddi problemlərə yol aça biləcəyini vurğulayıb.
“Hürmüz boğazının bağlanması böyük çətinliklərə səbəb olar. Biz İranın belə bir addım atmayacağına inanırıq. Son gərginlik bir daha göstərdi ki, enerji təchizatının təhlükəsizliyi nə qədər önəmlidir,” – Ərdoğan qeyd edib.
Prezident əlavə edib ki, Türkiyə olaraq enerji sahəsində öz imkanlarını genişləndirmək üçün intensiv işlər görülür. O bildirib ki, Qabar bölgəsindəki neft yataqları və Qara dənizdəki təbii qaz ehtiyatları daxil olmaqla bir çox nöqtədə hasilat işləri aparılır və bu sahədə fəaliyyətlər daha da artırılacaq.
Ərdoğan evvəl yayılan “İran Türkiyəyə təbii qaz axınını dayandırıb” iddialarına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı dərhal enerji naziri ilə əlaqə saxlanılıb və qarşı tərəflə təmas qurulub.
“Belə bir vəziyyətin olmadığı təsdiqləndi. Bundan əlavə, İran Prezidenti Pezeşkianla da bu məsələni müzakirə etdik. İnanırıq ki, qaz axınının dayandırılması kimi bir hal baş verməyəcək. Hazırda İran tərəfindən qaz tədarükü davam edir və heç bir problem yoxdur”,- Prezident deyib./Teleqraf