Ərdoğan və Əliyevdən düşmənlərə tutarlı cavab – Kahramanmaraşda tarix yazıldı backend

Ərdoğan və Əliyevdən düşmənlərə tutarlı cavab – Kahramanmaraşda tarix yazıldı 

Prezident İlham Əliyevin Türkiyəyə səfəri və bu fonda baş verən hadisələr yerli və xarici mediada diqqət çəkib. Həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışında iştirakı böyük coşğu və qürur hissi ilə qarşılandı. Bu səfər, eyni zamanda, iki qardaş ölkə arasında münasibətləri hədəf alan, bu yaxınlığı pozmağa çalışan qüvvələrə verilmiş aydın və güclü cavab kimi də dəyərləndirildi.

Kahramanmaraşda verilən bu birlik və həmrəylik mesajı Bakı-Ankara münasibətlərini gözdən salmağa yönəlmiş təxribatçı cəhdlərə qarşı konkret cavab sayıla bilərmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Globalinfo.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda Azərbaycan sərmayəsi hesabına inşa edilmiş “Azərbaycan məhəlləsi”nin açılışında iştirakı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsinin bariz göstəricisidir:

“Kahramanmaraşda yaradılan bu məhəllə Türkiyə-Azərbaycan qardaşlığına qoyulmuş əbədi bir abidədir. Bu abidə yalnız maddi baxımdan deyil, yəni evlərin, məktəblərin inşası ilə məhdudlaşmır, eyni zamanda mənəvi dəyər daşıyır. Bu, Türkiyə xalqının qəlbində daim yaşayacaq.

Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələri, strateji müttəfiqliyi, çətin günlərdə bir-birinə dəstək göstərmələri, beynəlxalq münasibətlər sistemində ortaq maraq və hədəflər ətrafında sinxron şəkildə hərəkət etmələri bəzi dairələri narahat edir.

Onlar Türkiyə-Azərbaycan münasibətlərində süni narazılıq yaratmağa çalışır, əsassız şayiələr yayır və ictimai rəyi manipulyasiya etməyə cəhd göstərir. Ancaq bu cəhdlər nəticəsiz qalır. Çünki iki ölkə arasındakı münasibətlər sağlam siyasi, mənəvi və tarixi əsaslar üzərində qurulub. Bu münasibətləri pozmaq istəyən qüvvələrin arzuları gerçəkləşməyəcək.

Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışından öncə Prezident Rəcəb Tayyib Ərdoğanın X hesabında paylaşdığı fikirlərdə son cümlə xüsusilə əhəmiyyətli idi. O, Səməd Vurğunun məşhur şeirinə istinadla belə yazmışdı:
“Ayrılarmı könül candan — Türkiyə-Azərbaycan!”

Bu ifadə iki ölkənin dünəni, bu günü və sabahının real mənzərəsini çox gözəl əks etdirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki