Azərbaycanda tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi, həmçinin bu sahədə icra intizamına nəzarətin gücləndirilməsi məqsədilə mühüm addım atılıb və Prezident İlham Əliyev bununla bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən, qeyd olunan istiqamətlərdə mütərəqqi təcrübələrin öyrənilməsi və tətbiqinə dair təkliflərin hazırlanması üçün Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb. Yeni yaradılan komissiyanın sədri vəzifəsi Baş nazirin müavini Şahin Mustafayevə həvalə olunub.
Komissiyanın tərkibinə fövqəladə hallar, ekologiya və təbii sərvətlər, maliyyə, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət nazirlərinin müavinləri, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri daxil edilib. Eyni zamanda, qurumun tərkibində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərləri də yer alıblar. Komissiyanın cari fəaliyyətinin operativ təşkili məqsədilə Katiblik yaradılıb və bu qurumun funksiyalarının həyata keçirilməsi Nazirlər Kabinetinin Aparatına tapşırılıb.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a ətraflı açıqlama verən tikinti məsələləri üzrə ekspert Camal Abışov qeyd edib ki, ölkədə tikinti sektorunun tənzimlənməsi, şəhərsalma qaydalarının təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması uzun müddətdir gündəmdə olan zəruri məsələlərdən biridir: "Azərbaycanda son illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilsə də, tikinti və investisiya layihələrinin gerçəkləşdirilməsi prosesində müxtəlif qurumlar arasında operativliyin artırılmasına və bürokratik maneələrin minimuma endirilməsinə hələ də ehtiyac duyulurdu. Dövlət başçısının imzaladığı bu Sərəncam məhz həmin boşluqların aradan qaldırılmasına, idarəetmədə çevikliyin və şəffaflığın təmin olunmasına xidmət edir. Baş nazirin müavininin sədrliyi ilə belə bir yüksək səviyyəli Koordinasiya Komissiyasının yaradılması onu göstərir ki, dövlət bu sahədəki problemlərin həllinə kompleks və mərkəzləşdirilmiş şəkildə yanaşır".
