İddialara görə, ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat planlarının qarşısının alınmasında bölgənin zəngin ərəb ölkələri mühüm rol oynayıb. Məlumatlara əsasən, xüsusilə Körfəz ölkələrinin rəhbərləri Vaşinqtonla intensiv diplomatik təmaslara girərək, Donald Tramp administrasiyasından belə bir addımdan çəkinməyi israrla xahiş ediblər.
İrana əməliyyatdan ərəblər niyə bu dərəcədə narahat olublar?
Referans Media xəbər verir ki ,bununla bağlı Sfera.az-a münasibət bildirən politoloq Cavanşir Abbaslı son iki gündə Trampın İrana qarşı ritorikasında ciddi dəyişikliklərin olduğunu deyib:
“İranda həbs edilən etirazçılarla bağlı, yəni edam qərarlarından hazırkı rejimin imtina etdiyi yönündə xəbərlər yayıldı. Hətta 800-dən çox etirazçının edam olunmayacağı qeyd olundu və bunun da birbaşa Trampın təsiri nəticəsində baş verdiyi barədə dünya mediasında məlumatlar yer aldı. Bu xəbərlərlə paralel olaraq Venesuela lideri, yəni Nobel mükafatına sahib olan xanımın mükafatını Trampa təqdim etməsinin görüntülərini də gördük. Yəni, bu xəbərlərin yayılması təsadüfi deyil, bir-birini tamamlayan və paralel şəkildə təqdim olunan məlumatlardır. Adı qeyd olunan ölkələrin, yəni İranın vurulmaması və İrandakı proseslərlə bağlı Trampı razı salmaları yönündə yayılan xəbərləri də tam şəkildə inkar etmək olmaz. Hər biri kifayət qədər iqtisadi resurslara malik olan ölkələrdir. İranla çox yaxın iqtisadi əlaqələr quran ərəb ölkələri sırasında ön yerlərdə qərarlaşırlar və buna görə də İranın vurulması heç bir halda Səudiyyə Ərəbistanı, Qətər, Oman kimi ölkələrin maraqlarına uyğun deyil. Hətta bu sıraya Misir və Türkiyəni də əlavə edə bilərik. Türkiyənin İranda baş verən proseslərdən sonra son günlərdə sərgilədiyi mövqe onu göstərir ki, Ankara İranın vurulmasından yanadır və qardaş ölkə regionda hər hansı bir müharibə ocağının alovlanmasını istəmir. Təbii ki, bunun da Trampın qərarının dəyişməsində böyük rolu oldu”.
Politoloq hesab edir ki, İran regionun əsas aparıcı ölkələrindən biridir və onunla hər hansı bir müharibə Azərbaycanın maraqlarına heç bir halda uyğun deyil:
“Ona görə də hesab edirəm ki, İranla bağlı Amerikanın qərarının dəyişməsi birbaşa Azərbaycana da sərf etdi. Bu prosesin kimlər tərəfindən dayandırılması məsələsi isə düşünürəm ki, ikinci dərəcəlidir. Əsas olan nəticədir. Nəticə isə ondan ibarətdir ki, Tramp İranla bağlı böyük ölçüdə qərarını dəyişib. Ola bilsin ki, hədələyici ritorika ilə İran hakimiyyətini müəyyən qədər təzyiq altında saxlamaq istəyirdi. Çünki Tramp da yaxşı bilir ki, İran Venesuela deyil. Doğrudur, Venesuela təbii sərvətlərinə, xüsusilə neft ehtiyatlarına görə dünyada ön sıralarda yer alır. Amma unutmayaq ki, İran da bu göstəriciyə görə üçüncü sırada qərarlaşır. Eyni zamanda, istər əhali sayı, istər ordusu, istərsə də silahlanma baxımından İran Venesuela ilə müqayisə olunmayacaq dərəcədə böyük və güclü dövlətdir. Amerikanın da bunu hesabladığı dəqiqdir”.
C.Abbaslı əlavə edib ki, İranın qonşuları faktoruna da diqqət çəkib:
“Xüsusilə Rusiyanı nəzərdə tuturam. İranın vurulması nə Rusiyanın, nə də Türkiyənin maraqlarına uyğun gələ bilərdi. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Tramp administrasiyası bu riskləri əvvəlcədən hesablamışdı. Sadəcə olaraq, küçələrə çıxmaq, dövlət binalarını ələ keçirmək kimi çağırışlarla mövcud Molla rejimini geri addım atmağa məcbur etmək niyyətində idilər. Amma göründü ki, bu ssenari baş vermədi. Bununla belə, müsbət yöndə müəyyən qərarların verildiyini müşahidə etdik. Xüsusilə etirazçılarla bağlı edam qərarlarının dəyişdirilməsi sevindirici xəbər oldu. Hesab edirəm ki, İranda təhlükələr hələ tam sovuşmayıb. Mövcud Molla rejimi də bundan dərs çıxararaq yeni etirazların qarşısını almaq üçün müəyyən addımlar atacaq. Son olaraq qeyd etmək istərdim ki, burada müsəlman həmrəyliyinin də müəyyən rolu oldu. Adı çəkilən ölkələr, o cümlədən Misir, Türkiyə və digər müsəlman dövlətlərinin mövqelərinə diqqət yetirildi. Azərbaycan da bu sıraya daxil idi. Qeyd edim ki, Azərbaycan hələ də İranla bağlı açıq şəkildə hər hansı bir mövqe ortaya qoymamışdı. Hesab edirəm ki, bu, ən doğru qərar idi. Çünki İran bizim cənub qonşumuzdur və eyni zamanda İslam ölkəsidir. Azərbaycan burada nə açıq şəkildə Amerikanın, nə də İranın əleyhinə mövqe sərgiləyə bilməzdi. Çünki İranla dərin tarixi, dini və regional bağlar mövcuddur. Bütün bunları bir araya gətirdikdə belə qənaətə gəlirəm ki, bu prosesdə müsəlman həmrəyliyi və regional balans amili mühüm rol oynayıb”.






















