Lənkəranda 38 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Şürük kəndində baş verib. 1988-ci il təvəllüdlü Famil kənddə yerləşən çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsindəki mənzilin yataq otağında arvadı Səmayə (adlar şərtidir – red.) ilə ailə-məişət münasibətləri zəminində, yəni Səmayənin onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun sifət nahiyəsinə vurub.
Daha sonra 38 yaşlı kişi qadını yerə yıxıb və o, yerdə olduğu zaman təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
İş üzrə izahat verən Famil bildirib ki, Səmayə ilə 2009-cu ildə ailə həyatı qurub və həmin nikahdan 3 övladları olub:
“3 övladım və həyat yoldaşım ilə Lənkəran rayonunun Şürük kəndində yerləşən fərdi yaşayış evində birlikdə yaşayıram. Səmayə ilə aramızda tez-tez münaqişələr olur. Münaqişələrin əsas səbəbi Səmayənin mənə ər kimi hörmət qoymaması, hər xırda söhbətə görə məndən küsüb-inciməsidir”.
Famil qeyd edib ki, məlum hadisə günü, saat 13 radələrində yaşadığı evdə Səmayə ilə tək olub və övladları həmin vaxt məktəbdə olub:
“Mən siqaret yandırmaq üçün alışqan axtardım. Amma alışqanı tapa bilmədim və Səmayədən alışqanın harada olduğunu soruşdum. O isə “mən nə bilim, alışqan haradadır, sən onsuz siqaret çəkməkdən başqa heç bir işə yaramırsan” dedi. Mən isə Səmayədən niyə kobud danışdığını soruşaraq, onun həyat yoldaşı olduğumu bildirdim. Səmayə isə ünvanıma nalayiq ifadələr işlədərək “sən kişi deyilsən” dedi. Buna görə də aramızda münaqişə yarandı. Münaqişə zamanı əsəbiləşərək yumruqla Səmayənin sifətinin sol nahiyəsinə bir zərbə vurdum. O, yerə yıxıldı. Səmayə yerə yıxıldıqdan sonra təpiklə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurdum. Səmayənin yerdə ağladığını gördüm və yaşadığım evdən getdim”.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, həyat yoldaşı Famil ilə aralarında olan münaqişənin əsas səbəbi onun həyat yoldaşı kimi ailəsini dolandırmaması, qazandığı pula siqaret və içki alması olub:
“Məlum hadisə günü, saat 13 radələrində yaşadığım evdə Famil ilə tək olmuşam və övladlarım həmin vaxt məktəbdə olub. Bu zaman Famil üstümə qışqıraraq “mənim alışqanım haradadır?” dedi. Mən isə ona “nə bilim alışqan haradadır, sən onsuz siqaret çəkməkdən başqa heç bir işə yaramırsan” sözlərini dedim. Famil isə niyə kobud danışdığımı, həyat yoldaşı olduğunu bildirdi. Mən Familin ünvanına nalayiq ifadələr işlətdim, onun kişi olmadığını söylədim. Buna görə də aramızda münaqişə yarandı. Münaqişə zamanı Famil yumruqla sifətimin sol nahiyəsinə bir zərbə vurdu. Bu zaman yerə yıxıldım. Mən yerə yıxıldıqdan sonra Famil təpiklə bədənimin müxtəlif nahiyələrinə bir neçə zərbə vurdu. Daha sonra o, evdən getdi”.
Zərərçəkmişin sözlərinə görə, əri tərəfindən döyülməsi ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanın ödənildiyini, ərindən heç bir şikayətinin olmadığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət-Prosessual Məcəllənin 40.3 və 43.1.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib./Demokrat.az/
