Qızının toyunda borca düşdü, qonşusunun evini yardı

Astara rayonunda 33 yaşlı kişi qohumunun evindən oğurluq edib.


Referans Media-ın əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Şöhrət İrşadov həmkəndlisi və qohumu Nail İrşadova məxsus Astara rayonunun Siyaku kəndində yerləşən evdən 9600 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Şöhrət İrşadovun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Şöhrət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nail onun qohumudur və onunla heç bir qərəzli münasibəti yoxdur:

“2025-ci ilin aprel ayında qızım üçün etdiyim toy məclisindən sonra mebelə görə 8200 manat məbləğində borcum qaldı. Əlavə olaraq başqa yerlərə də borcum oldu. Həmin borcları ödəmək üçün Rusiya Federasiyasına işləməyə getdim. Ancaq sonra oradan da deportasiya olundum. Buna görə də borclarımı qaytarmaq çətinləşdi”.

Təqsirləndirilən şəxs deyib ki, 2026-cı ildə həmkəndlisi Radikin övladının kiçik toyuna dəvətli olub:

“Elə ona görə də həmin gün məclisə getdim. Saat 22 radələrinə qədər orada oldum. Toy məclisində də spirtli içki qəbul etdim. Saat 22 radələrində kəndə qayıtdım. Piyada evə tərəf təkbaşına getdim. Həmin vaxt Nailin evinin işıqlarının sönülü olduğunu gördüm. İçkili vəziyyətdə borclarımı bağlamağın yolunun oğurluq etmək olduğunu düşündüm və Nailin də qızıl-zinət əşyalarının olduğunu bildiyimdən oğurluq etmək qərarına gəldim”.

Şöhrətin sözlərinə görə, əvvəlcə onların evinin aşağı qapısından içəri daxil olub, sonra evə tərəf piyada gedib:

“Əvvəlcə yan pəncərələrin birini açmaq istəsəm də, açılmadı. Sonra digər yan pəncərəni açdım. Oradan evin birinci mərtəbəsinə daxil oldum və aşağıdakı yataq otaqlarına qismən baxdım. Evdə olan qızıl-zinət əşyalarının Nailin yatdığı yataq otağında olduğunu bildiyimdən 2-ci mərtəbəyə qalxdım. Həmin otağa getdim, mobil telefonumun işığından oranı görmək üçün istifadə etdim. Orada olan paltar rəfinin qapısını açdım, yuxarı tərəfdə olan mücrünün içərisindəki qızıl-zinət əşyalarını götürdüm. Oradan da dərhal uzaqlaşaraq evimə tərəf getdim. Evimin yaxınlığındakı boş torpaq sahəsində qızılları balaca bankaya qoyaraq torpağın altında basdırdım. Sonra da heç nə olmamış kimi evimə getdim”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməldən heç bir ailə üzvünün məlumatı olmadığını, törətdiyi əməldən peşman olduğunu, oğurladığı bütün qızılları qaytardığını bildirərək bağışlanmasını istəyib.

İş üzrə zərərçəkmiş Nail İrşadovun sözlərinə görə, 2026-cı ildə, təxminən saat 17:30 radələrində anası ilə birlikdə evi tərk edib və Astara rayonunun Çayoba kəndində yerləşən “Ümid” restoranında keçirilən kiçik toy mərasiminə yola düşüb:

“Orada iştirak etdikdən sonra təxminən saat 19 radələrində Pensər kəndinə qayıtdım. Atam Pensər kəndinə gəldi və biz birlikdə qayınatamın evinə getdik. Orada oturduqdan sonra saat 23 radələrində evə gəldik. Darvazanı atam açdı və mən maşını həyətə saldım. Yoldaşım və anam maşından düşdülər. Atam da rubilniki yandıraraq evi işıqlandırdı. Mən həyətə düşdükdə atamın deyindiyini gördüm. Atamdan nə olduğunu soruşdum. O, mənə heç nə demədi. Anam həmin vaxt evdə ayaq izlərinin olduğunu, atam isə evi tərk edərkən pəncərəni bağladığını və pərdəni çəkdiyini dedi. Artıq bizə evə yad adamın girdiyi məlum oldu”.

Zərərçəkmiş deyib ki, dərhal həyat yoldaşını yanına çağırıb, birlikdə ikinci mərtəbədə yerləşən yataq otağına qalxıblar:

“Otağın və otaqda olan dolabın qapısı açıq idi. Paltar asmaq üçün istifadə olunan əşya da yerindən tərpədilmişdi. Yoldaşım Fatimə dərhal dolabda olan mücrünün içərisinə baxdı. Bu zaman qızıl-zinət əşyalarının mücrünün içərisindən oğurlandığı məlum oldu. Qızılların hamısı Rusiya istehsalı idi. Ümumilikdə 9600 manat məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Sonradan məlum oldu ki, evdən oğurluğu qohumum Şöhrət edib. Mənə məxsus qızıllar polis əməkdaşları tərəfindən qaytarıldı, dəymiş ziyan ödənildi. Şöhrətdən heç bir şikayətim yoxdur”.

Astara Rayon Məhkəməsinin hökmü ilə Şöhrət 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, Şöhrətə cəzaçəkmə müddəti ərzində Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməsi, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsi qadağan olunub.

Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub./Demokrat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki