Əsnəmə indiyədək əsasən yorğunluq və ya darıxma əlaməti hesab olunsa da, yeni araşdırma bunun beyinin sağlam fəaliyyəti üçün vacib rol oynaya biləcəyini göstərib.
Alimlərin “Respiratory Physiology & Neurobiology” jurnalında dərc olunan araşdırmasına görə, əsnəmə beyin-omurilik mayesinin axınını artıraraq beyindəki tullantıların xaric olunmasına və təzyiq balansının qorunmasına kömək edir.
Tədqiqat zamanı 22 sağlam iştirakçı üzərində MRT görüntüləmə üsulu ilə müşahidələr aparılıb. Nəticələr göstərib ki, əsnəmə zamanı beyin-omurilik mayesinin hərəkəti nəzərəçarpacaq dərəcədə artır.
Alimlər hesab edirlər ki, bu kəşf xüsusilə miqren kimi nevroloji xəstəliklərin daha yaxşı anlaşılmasına kömək edə bilər. Araşdırmada həmçinin bildirilib ki, əsnəməni saxlamağa çalışmaq prosesi tam dayandırmır, sadəcə qismən gizlədir.
