Azərbaycanda mal ətinin qiymətində yenidən artım müşahidə olunur. Son bir ay ərzində sümüklü mal ətinin qiyməti 1-2 manat bahalaşaraq 19 manata, sümüksüz ətin qiyməti isə 21-22 manata yüksəlib. Satıcılar qiymət artımını mövsüm dəyişikliyi ilə əlaqələndirirlər.
Bəs mövsüm dəyişikliyi mal ətinin qiymətinə necə təsir edir? Hansı amillər qiymət artımına səbəb olur və bu təsir qarşıdakı aylarda da davam edə bilərmi?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun fikrincə, mal ətinin bahalaşmasının səbəbi onun üzərində aparılan yanlış aqrar siyasətdir:
“Bunun nəticəsi isə heyvanların azalmasıdır. İribuynuzlu heyvanların və digərlərinin azalması da həmin nəticələr sırasındadır. Bunun bazara təsiri isə ətin qiymətlərin yüksəlməsi ilə özünü göstərir. Uzun illər aparılan aqrar siyasət heyvandarlığın inkişafı üçün lazımi nəticələri verməyib”.
İqtisadçı deyib ki, heyvandarlıqda əsas istehsal resursu heyvan sayıdır:
“Sürü azalırsa, bazara çıxarılan ətin həcmi də azalır. Bu isə qiymətlərə təzyiq yaratmağa başlayır. Bir çox hallarda mövsüm amilini səbəb kimi göstərirlər. Amma payız-qış aylarında yemləmə xərcləri də artır, otlaq imkanları məhdudlaşır, saman və digər yemlərin alınmasına ehtiyac yüksəlir. Lakin bunlar əsas problemin özünü izah etmir. Ümumiyyətlə, biz niyə nəsə istehsal etmək istəyəndə baha başa gəlir? Məsələn, Monqolustanda bir kiloqram ətin maya dəyərini 3-4 manata çıxarmaq olur, hətta satış qiymətini də həmin səviyyədə müəyyənləşdirmək mümkündür. Niyə bizdə bu, baha başa gəlir?”
A.İbrahimovun sözlərinə görə, xərclər yüksək olduqda, bu, sonda qiymətin də artmasına gətirib çıxarır:
“Yemləmə xərcləri artıbsa, otlaq imkanları məhdudlaşıbsa, saman və digər yemlərin alınmasında müəyyən problemlər yaranıbsa, fermerin özündə çətinliklər varsa, daşınma və saxlanma xərcləri artıbsa, bütün bunlar yekun məhsulun qiymətinə təsir göstərəcək. Fermerə yalnız subsidiya verib “məsələni həll etdik” demək düzgün yanaşma deyil. Əsas məsələ heyvandarlığın iqtisadi cəlbediciliyini təmin etməkdir. Yem bazası yaradılmalıdır, örüş sahələri təmin edilməlidir, damazlıq heyvanların artırılması və məhsuldarlığın yüksəldilməsi, baytarlıq xidmətləri, su təminatı, logistika və bazara çıxış sistemi zəncir formasında qurulmalıdır”.
Asif İbrahimov bildirib ki, bu gün başımıza gələnlərin böyük hissəsi öz fəaliyyətimizin və ya fəaliyyətsizliyimizin nəticəsidir:
“Əgər bahalaşmanın səbəblərini araşdırmırıqsa, deməli, sadəcə danışırıq. Deyirlər ki, səbəb heyvan sayının azalmasıdır. O səbəb deyil, artıq nəticədir. Səbəb yanlış aqrar siyasətdir və bunun nəticəsində heyvan sayının azalmasıdır. Qiymət isə effektdir, yəni təsirdir”.
