Azərbaycana idxal olunan avtomobillər arasında hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı artır.
Referans Media xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 48 398 nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, onların arasında hibrid və elektrik mühərrikli avtomobillər əhəmiyyətli paya sahib olub.
Belə ki, hesabat dövründə xarici enerji mənbəyindən doldurulma imkanı olmayan, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə hərəkət edən 4 429 nəqliyyat vasitəsi ölkəyə gətirilib. Bu avtomobillərin ümumi gömrük dəyəri 94 milyon 866,41 min ABŞ dolları təşkil edib.
Xarici enerji mənbəyindən doldurulma imkanına malik olan, yəni plug-in hibrid avtomobillərin idxalı isə 10 274 ədəd olub. Bu nəqliyyat vasitələrinin ümumi dəyəri 225 milyon 335,94 min ABŞ dolları təşkil edib.
Bundan başqa, hesabat dövründə yalnız elektrik mühərriki ilə hərəkət edən 637 avtomobil idxal olunub. Tam elektrikli avtomobillərin ümumi dəyəri isə 16 milyon 550,45 min ABŞ dolları olub.
Beləliklə, yanvar-avqust aylarında Azərbaycana qeyd olunan üç kateqoriya üzrə ümumilikdə 15 340 hibrid və elektrik avtomobili gətirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə gətirilən bütün nəqliyyat vasitələrinin sayı 48 398 ədəd, ümumi dəyəri isə 955,36 milyon ABŞ dolları olub./ajans.az/
