Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Hürtgenvald qəsəbəsində başlayan meşə yanğınının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən 2 minə yaxın insanın təxliyəsinə başlanılıb.
Referans Media xəbər verir ki, Hürtgenvald Bələdiyyəsinin məlumatına görə, alovlar Gey məhəlləsinə təxminən 200 metr yaxınlaşıb. Təxliyə zamanı indiyədək hər hansı problem yaşanmadığı bildirilib.
Sakinlərə özləri ilə yalnız zəruri şəxsi əşyalarını, şəxsiyyət sənədlərini və dərmanlarını götürmələri tövsiyə olunub. Güclü tüstü səbəbindən ağız və burunun parça, geyim və ya maska ilə örtülməsi, həmçinin ərazidən uzaq durulması istənilib.
Yanğın 300 hektar əraziyə yayılıb
Yanğının təxminən 300 hektar meşəlik ərazini əhatə etdiyi bildirilib. Bu, təxminən 420 futbol meydançasının sahəsinə bərabərdir.
Alman ordusu yanğının söndürülməsi işlərinə dəstək məqsədilə əraziyə tanklar göndərib.
Belçika sərhədinə yaxın yerləşən Hürtgenvald qəsəbəsində təxminən 9 min nəfər yaşayır.
