İqlim dəyişikliyinin yaratdığı isti hava dalğalarının güclü şəkildə müşahidə olunduğu Qərbi Avropada 2026-cı ilin yayının tarixdə ən isti yay olacağı proqnozlaşdırılır.
Referans Media xəbər verir ki, Avropa və Böyük Britaniyada isti hava dalğaları bu il may ayında başlayıb. May ayından etibarən Böyük Britaniya və Qərbi Avropada 5 isti hava dalğası qeydə alınıb və yüksək temperaturla əlaqəli çoxsaylı ölüm halları baş verib.
Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin (ECMWF) Kopernik İqlim Dəyişikliyi Xidmətinin nümayəndəsi Samanta Burcess bildirib ki, xüsusilə may və iyun aylarında müşahidə olunan isti hava dalğaları iyuldakılardan daha qeyri-adi olub.
Ən çox təsirlənən bölgələr arasında Fransa, Böyük Britaniyanın cənubu, Almaniyanın bəzi hissələri, Niderland, Belçika, İspaniya, Macarıstan, Çexiya, Avstriya və İsveçrə yer alıb.
Yüksək temperatur quraqlığı da gücləndirib. Avropanın bəzi bölgələrində 6 həftədən çoxdur əhəmiyyətli yağıntı qeydə alınmayıb. Bu vəziyyət meşə yanğınları riskini də ciddi şəkildə artırıb.
Burgessin sözlərinə görə, iyun və iyul aylarında Qərbi Avropada temperatur uzunmüddətli orta göstəricidən 3 dərəcədən çox yüksək olub. O bildirib ki, avqustun qalan hissəsini də nəzərə almaq lazımdır, lakin hazırkı göstəricilər Qərbi Avropada bu yayın ən isti yay olacağı ehtimalını gücləndirir.
Torpaqlar 1979-cu ildən bəri ən quraq vəziyyətdədir
Avropanın bəzi bölgələrində 1979-cu ildən bəri ən quru torpaqlar müşahidə olunur. Quraqlıq xüsusilə İspaniyanın şimalında, Fransada, Böyük Britaniyanın böyük hissəsində, Belçika, Niderland, Almaniyanın bəzi bölgələri, Avstriya, İsveçrə, Çexiya və Macarıstanda güclənib.
Bu vəziyyət çayların su səviyyəsinə də təsir edib. Xüsusilə Reyn, Sena və Dunay çaylarında tarixin ən aşağı göstəricilərindən bəziləri qeydə alınıb.
2027-ci il ən isti il ola bilər
Kopernikin məlumatına görə, iyul 2026 dünyada tarixdə ikinci ən isti iyul olub. Qlobal okean səthinin temperaturu isə 20,96 dərəcə ilə iyul ayı üçün rekord həddə çatıb.
Mütəxəssis Samanta Burcess hazırda güclənən El-Nino hadisəsinin qlobal temperaturu daha da yüksəldə biləcəyini bildirib. Onun sözlərinə görə, 2027-ci ilin tarixdə ən isti il olması mümkündür.
Berkeley Earth təşkilatının hesablamalarına görə, 2026-cı ilin tarixdə ən isti il olmaq ehtimalı 69 faizdir. Həmçinin bu il qlobal temperaturun sənaye dövründən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələməsi ehtimalı 99 faiz olaraq qiymətləndirilib.
Qeyd edək ki, 2024-cü il hazırda tarixdə ən isti il olaraq qalır. Həmin il qlobal temperatur sənaye dövründən əvvəlki orta göstəricidən 1,55 dərəcə yüksək olub.
