ABŞ-də 16 ildən sonra ilk dəfə eyni gündə üç edam hökmünün icra edildiyi bildirilib.
Referans Media xəbər verir ki, ilk olaraq Oklahoma ştatında 70 yaşlı Karlos Kuesta-Rodriqes zəhərli iynə vasitəsilə edam edilib.
2003-cü ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinən Kuesta-Rodriqes psixi sağlamlıq problemləri səbəbindən əfv üçün müraciət edib. Lakin onun müraciətləri rədd edilib.
Oklahomadakı edamdan təxminən bir saat sonra Tennessi ştatında 66 yaşlı Darrell Hayns edam olunub.
Hayns 1985-ci ildə otel əməkdaşını öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi. Vəkillərinin müvəkkilinin əlilliyi və ağır xəstəliyini əsas gətirərək edamın dayandırılması ilə bağlı müraciəti qəbul edilməyib.
Günün son edamı isə Alabama ştatında həyata keçirilib. 2021-ci ildə 5 yaşlı qızı zorlamaq və öldürməkdə təqsirli bilinən 42 yaşlı Ceremi Uilyamsın ölüm hökmü icra olunub. O, apellyasiya hüququndan imtina etmişdi.
ABŞ-də 50 ştatın 27-də ölüm cəzasının tətbiqi qanunidir.
Ölkədə eyni gündə üç edam hökmü sonuncu dəfə 7 yanvar 2010-cu ildə icra edilib. Ötən il ABŞ-də 47 edam hökmü həyata keçirilib. Bu rəqəm əvvəlki il 25 olub.
Edamların artmasında ötən il 19 ölüm hökmünün icra edildiyi Florida ştatı önə çıxıb.
