Evdə hər gün etdiyimiz 10 vərdiş cibimizi boşaldır

Bəzən ayın sonunda pulun hara xərcləndiyini anlamaq çətin olur. Böyük alış-verişlər göz önündə olsa da, gündəlik təkrarlanan kiçik vərdişlər də büdcəyə ciddi təsir göstərə bilər. Elektrik cihazlarını boş yerə işlətməkdən tutmuş, artıq qida almağa qədər bir çox davranış zamanla nəzərəçarpacaq xərcə çevrilir.

Referans Media ev büdcəsində görünməyən xərclərə səbəb olan 10 gündəlik vərdişi araşdırıb.

1. Lazımsız yerə işıqları və cihazları açıq saxlamaq - Otaqdan çıxarkən işığı söndürməmək və televizor, kompüter kimi cihazları işlək vəziyyətdə saxlamaq enerji sərfiyyatını artırır. ABŞ Energetika Nazirliyi istifadə olunmayan işıqların söndürülməsini, elektron cihazların isə uzun müddət istifadə edilmədikdə elektrikdən ayrılmasını tövsiyə edir. Sezar pizza

2. Cihazları daim tokda saxlamaq - Telefon adapteri, televizor, kompüter və digər elektron cihazlar söndürülmüş vəziyyətdə belə müəyyən qədər elektrik sərf edə bilər. Bu, “standby” və ya gözləmə rejimində enerji sərfiyyatı kimi tanınır.

3. Lazım olduğundan artıq su qızdırmaq - Çay və ya qəhvə üçün yalnız bir fincan su lazım olduğu halda çaydanı tam doldurmaq hər dəfə əlavə enerji sərfiyyatı yaradır. Eyni hal isti sudan istifadə zamanı da keçərlidir. Su qızdırılması evdə enerji istehlakının əhəmiyyətli hissəsini təşkil edə bilər.

4. Soyuducunu həddindən artıq doldurmaq və ya temperaturu düzgün tənzimləməmək - Soyuducunun düzgün temperaturda işləməməsi həm enerji sərfiyyatına, həm də bəzi qidaların daha tez xarab olmasına səbəb ola bilər. Nəticədə həm kommunal xərc, həm də ərzaq itkisi artır.

5. Ərzaqları planlaşdırmadan almaq - Evdə hansı məhsulların olduğunu yoxlamadan marketə getmək eyni məhsulun yenidən alınmasına və istifadə olunmadan qalmasına səbəb ola bilər. USDA yemək planının əvvəlcədən hazırlanmasını, soyuducu və mətbəx şkaflarında olan məhsulların nəzərdən keçirilməsini və alış-veriş siyahısı hazırlanmasını tövsiyə edir.

6. Bişən yeməyi və qalıqları atmaq - Bir neçə qaşıq yemək və ya soyuducuda qalan məhsul kiçik görünsə də, bu hal mütəmadi təkrarlananda ciddi ərzaq itkisinə çevrilir. Araşdırmalarda yemək planlaşdırılması, porsiyaların düzgün müəyyənləşdirilməsi və qalıqların vaxtında istifadə olunmasının qida israfını azaltmağa kömək etdiyi göstərilir.

7. Endirim adı ilə ehtiyacdan artıq alış-veriş etmək - “İkincisi pulsuzdur”, “3 al, 1 hədiyyə” və ya böyük qablaşdırmanın daha sərfəli olması kimi təkliflər insanı ehtiyacından çox məhsul almağa sövq edə bilər. Əgər alınan məhsul vaxtında istifadə olunmursa, endirim əvəzinə əlavə xərc yaranır.

8. Büdcə aparmamaq - Gündəlik 2-3 manatlıq xərclər çox vaxt nəzərə alınmır. Lakin ay ərzində təkrarlanan kiçik ödənişlər böyük məbləğə çevrilə bilər. İstehlakçıların büdcə üzrə xərclərini yazması və ayın sonunda planlaşdırılan məbləğlə faktiki xərcləri müqayisə etməsi tövsiyə olunur.

9. Paltar və qabları tam dolmadan yumaq - Paltaryuyan və qabyuyan maşını yarıboş işlətmək hər yuma dövründə su və elektrik sərfiyyatına səbəb olur. Buna görə mümkün olduqda maşınların tam yüklənməsi daha səmərəli istifadə üsullarından biri hesab olunur.

10. Xırda təmir işlərini təxirə salmaq - Damlayan kran, nasaz su çəni, zəif işləyən məişət cihazı və ya hava buraxan pəncərə uzun müddət diqqətdən kənarda qaldıqda əlavə xərc yarada bilər. Kiçik problemin vaxtında həll edilməsi sonradan daha böyük təmir və kommunal xərclərin qarşısını almağa kömək edə bilər.

Beləliklə, pul itkisi həmişə böyük alış-verişlərdən yaranmır. Gün ərzində avtomatik şəkildə etdiyimiz və əhəmiyyət vermədiyimiz davranışlar da ayın sonunda büdcəyə təsir edə bilər. Xərcləri izləmək, alış-verişi əvvəlcədən planlaşdırmaq, qida israfını azaltmaq və enerji sərfiyyatına diqqət etmək isə ev büdcəsinə nəzarəti asanlaşdıra bilər./“Yeni Sabah”/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki