Azərbaycanda maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

"Oktyabrın 1-dən etibarən hərbi qulluqçuların əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsindən əlavə olaraq 50 milyon manat vəsait ayrılacaq"

Referans Media xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əməkhaqlarındakı artım hərbi qulluqçuların tutduqları vəzifə və daşıdıqları rütbəyə uyğun şəkildə həyata keçiriləcək:

"Hərbçilərin maaşlarının artırılması 2026-cı ildə müxtəlif sahələrdə həyata keçirilən əməkhaqqı artımlarının davamı kimi qiymətləndirilir. Daha əvvəl tibb işçilərinin əməkhaqlarında artımlar reallaşdırılıb. Həmçinin ilin yaz aylarında imzalanmış sərəncamla dövlət qulluqçularının da əməkhaqları artırılıb".

Millət vəkili əlavə edib ki, dövlət tərəfindən maliyyələşdirilən qurumlarda çalışanların əməkhaqlarının mərhələli və davamlı şəkildə artırılması prioritet istiqamətlərdən biridir:

"Bu baxımdan hərbi qulluqçuların maaşlarının yüksəldilməsi onların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Mövcud büdcə imkanları və 2027-ci il üçün hazırlanan dövlət büdcəsi layihəsi də əməkhaqqı artımlarının gələn il davam etdirilməsi üçün imkanların olduğunu göstərir.

2027-ci ildə sosial istiqamətlər üzrə 17 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu da sosial ödənişlər və əməkhaqları ilə bağlı artımların növbəti ildə də mərhələli şəkildə davam etdirilə biləcəyini göstərir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki