Əvəz Zeynallı vəfat etdi – Göyçədən başlayan, həbsxanalardan keçən jurnalist ömrü

“Xural TV”nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə yaxınları məlumat yayıb.

Əvəz Zeynallının həyat yolu Azərbaycan mətbuatının son onilliklərdəki mürəkkəb və ziddiyyətli dövrlərindən keçib. O, jurnalist fəaliyyəti ilə yanaşı, qəzetçilik, nəşriyyat, tərcüməçilik və ictimai fəaliyyətlə də məşğul olub. Ömrünün son illəri isə məhkəmə prosesi, həbs və ağır onkoloji xəstəliklə mübarizə ilə yadda qalıb.

Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmət keçib. Daha sonra Türkiyəyə gedərək Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1999-cu ildə universiteti bitirib.

Azərbaycana qayıtdıqdan sonra jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif illərdə “Günaydın”, “P.S.” və “Millətin səsi” qəzetlərində yazıb, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. Türkiyədə təhsil aldığı illərdə “Böyük Gələcək” dərgisini də nəşr etdirib.
Əvəz Zeynallının adı Azərbaycan mətbuatında ən çox “Xural” qəzeti ilə bağlı çəkilir.



Əvəz Zeynallı cəzadan azad edilib


O, 2002-ci ildə “Xural” qəzetini təsis edib və uzun müddət nəşrin baş redaktoru olub. 2010-cu ildən isə “Xural”ın internet saytı fəaliyyət göstərib. Sonrakı illərdə bu media layihəsi “Xural TV” adı ilə internet televiziyası formatında da fəaliyyətini davam etdirib.

2011-ci ildə “Xural” həftəlik nəşrdən gündəlik qəzet formatına keçib. Qəzetin həmin dövrdə hakimiyyətin müxtəlif nümayəndələrini sərt tənqid edən materiallar dərc etməsi onun ictimai-siyasi gündəmdə daha çox görünməsinə səbəb olub. Qəzetin öz arxiv materiallarında həmin dövrdə Mətbuat Şurası ilə qarşıdurmalar, məhkəmə iddiaları və qəzetin fəaliyyətinə təzyiqlərlə bağlı Əvəz Zeynallının mövqeləri geniş yer alıb.

Əvəz Zeynallının həyatında ən ağır dönəmlərdən biri 2011-ci ildə baş verib.
O, həmin ilin oktyabrında həbs edilib. Ona külli miqdarda rüşvət alma, hədə-qorxu ilə rüşvət alma və digər ittihamlar, daha sonra isə vergi məsələləri ilə bağlı ittihamlar irəli sürülüb. Zeynallı isə ittihamları qəbul etməyib və həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.


Vəziyyəti pisləşən Əvəz Zeynallı təcili xəstəxanaya yerləşdirildi Pravda.az

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib. O, 2014-cü ilin dekabrında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Əvəz Zeynallı yalnız qəzetçilik fəaliyyəti ilə kifayətlənməyib. O, “30 İyun – Sevgililər Günü” kitabının müəllifi olub. Həmçinin həbsdə olduğu 2011-2014-cü illərdə yazdığı “Selcanın Məmləkəti” gündəlikləri ilə bağlı çoxcildlik əsər hazırlayıb. Həbsxanada olduğu dövrdə də yazı və tərcümə fəaliyyətini davam etdirib.

Onun tərcümə etdiyi əsərlər arasında Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) və Daniel Yerginin neft sənayesinin tarixindən bəhs edən “Petrol” kitabı da olub. “Mənim mübarizəm”in Azərbaycan dilində nəşri vaxtilə ciddi ictimai müzakirələrə səbəb olmuşdu.
Əvəz Zeynallının adı illər sonra yenidən məhkəmə və həbs xəbərləri ilə gündəmə gəldi.
2022-ci il sentyabrın 10-da “Xural TV” rəhbəri saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi – külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Sonrakı mərhələdə ittihamların dairəsi genişləndirilib. Zeynallı ittihamları qəbul etməyib və həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona 9 il həbs cəzası verib. Sonrakı mərhələdə Ali Məhkəmə ittihamların bir hissəsini çıxarıb və cəzanı iki ay azaldıb.

O, məhkəmədə ittihamları rədd edərək özünü günahsız hesab etdiyini bildirib. Əvəz Zeynallının həyatının son mərhələsi ağır xəstəliklə mübarizə şəraitində keçib.

2025-ci ilin aprelində onun həyat yoldaşı Məlahət Zeynallı jurnalistə xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. Bildirilib ki, bağırsaqda aşkarlanan bədxassəli şiş qaraciyərə metastaz verib.

Xəstəliyi ilə əlaqədar vəkilləri onun cəzanın qalan hissəsindən azad olunması üçün məhkəməyə müraciət ediblər. Vəkil Rəşad Vaqifoğlu bildirib ki, qanunvericilik ağır xəstəliklərə görə məhkumun cəzanın qalan hissəsindən azad edilməsinə imkan verir.

2025-ci ilin aprelində keçirilən məhkəmə prosesində Zeynallı videobağlantı ilə iştirak edib və səhhətinin ağır olduğunu bildirib. Məhkəmə onun tibbi müayinədən keçirilməsi ilə bağlı qərar qəbul edib.



Əvəz Zeynallı vəfat etdi Yeni Sabah

2026-cı ilin mayında isə onkoloji xəstəliklə müalicə olunan Zeynallının müsahibəsi yayımlanmışdı. O, həmin çıxışında xəstəliyi ilə mübarizəsindən və müalicə prosesindən danışıb.

Əvəz Zeynallının həyatının son onilliyi jurnalistika, məhkəmələr, həbs, yenidən media fəaliyyətinə qayıdış və ağır xəstəliklə mübarizənin bir-birinə qarışdığı dövr olub.

O, həyat yoldaşı Məlahət Zeynallı ilə birlikdə iki qız övladı böyüdüb. Məlahət Zeynallı da uzun illər jurnalistika sahəsində fəaliyyət göstərib.

Əvəz Zeynallının adı Azərbaycan jurnalistikasında xüsusilə “Xural” qəzetinin yaradılması, sərt tənqidi jurnalistika xətti, uzunmüddətli həbs həyatı, məhkəmə prosesləri və ömrünün sonuna qədər davam etdirdiyi media fəaliyyəti ilə bağlı qalacaq./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki