Avropa İttifaqı mümkün təhdidlərə qarşı yeni koordinasiya sistemi yaradır

Avropa İttifaqı (Aİ) NATO-nun 4-cü maddəsinə bənzər yeni təhlükəsizlik mexanizminin yaradılması üzərində işləyir.

Referans MEDİA bildirir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, Aİ-yə üzv ölkələrin müdafiə nazirləri bazar ertəsi Avropa Komissiyasının bu təşəbbüsünü müzakirə edəcəklər.

Yeni mexanizmin Aİ ölkələrindən hər hansı birinə qarşı hücum və ya təhlükə yarandığı halda işə salınması və üzv dövlətlərin cavab tədbirlərinin koordinasiyasını asanlaşdırması nəzərdə tutulur.

Qeyd edək ki, NATO müqaviləsinin 4-cü maddəsi də alyans üzvlərindən hər hansı biri təhlükəsizliyinin təhdid altında olduğunu hesab etdikdə məsləhətləşmələrin başlanmasına imkan verir.

Bununla belə, Financial Times yazır ki, bir sıra Avropa diplomatları yeni mexanizmin praktiki funksiyaları ilə bağlı şübhələrini ifadə edirlər.

Onların fikrincə, bu təşəbbüs NATO-nun mövcud qərarvermə mexanizmləri ilə rəqabət apara, həmçinin paralel və təkrarlanan qərar qəbuletmə kanallarının yaranmasına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki