UEFA Çempionlar Liqasının 3-cü turunda doğma meydanda “Slaviya Praqa” ilə 2:2 hesablı heç-heçə edən “Fənərbağça”da azarkeşlər Matteo Genduziyə sərt reaksiya göstəriblər.
Referans Media xəbər verir ki, İstanbul təmsilçisi Oğuz Aydın və Qrinvudun qolları ilə matçın ilk 11 dəqiqəsində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib.
Qarşılaşmanın 15-ci dəqiqəsində Genduzinin səhv ötürməsindən sonra Provod topu ələ keçirərək fərqi azaldıb. Oyunun 90-cı dəqiqəsində isə “Slaviya Praqa” bərabərlik qolunu vurub.
Matçdan sonra sosial şəbəkələrdə fransalı yarımmüdafiəçini tənqid edən “Fənərbağça” azarkeşləri onun səhvinin komandanın oyununa mənfi təsir göstərdiyini bildiriblər. Bəzi tərəfdarlar “O olmasaydı, rahat qazanardıq” və “Artıq bu komandadan getsin” kimi şərhlər yazıblar.
Qarşılaşmada İsmail Yüksək də azarkeşlərin etirazı ilə üzləşib. “Aston Villa” ilə oyundakı çıxışına görə tənqid olunan futbolçu meydana daxil olarkən tribunadan fit səsləri eşidilib.
Bu nəticədən sonra “Fənərbağça” Çempionlar Liqasında üç oyundan sonra xallarının sayını 2-yə çatdırıb.
