Azərbaycanda əlil şəxslərə qulluq edən minlərlə vətəndaşı maraqlandıran əsas suallardan biri də bu fəaliyyətin gələcək pensiya hüquqlarına necə təsir göstərməsidir. Xüsusilə, dövlət tərəfindən əlil şəxsə baxmağa görə verilən müavinətin pensiya zamanı iş stajı kimi hesablanıb-hesablanmaması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Bəs, əlil şəxsə baxmağa görə verilən müavinat pensiya zamanı iş stajı sayıla bilərmi?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmək hüquqları üzrə ekspert Etibar Qarayev bildirib ki, əlil şəxsə baxmağa görə ödənilən müavinət pensiya hüququ baxımından iş stajı hesab edilmir.
“Əlillərə qulluq edən şəxslərə dövlət tərəfindən verilən müavinət sosial xarakter daşıyır və bu ödəniş əmək fəaliyyəti sayılmır. “Əmək pensiyaları haqqında” qanunvericiliyə əsasən, pensiya kapitalı əsasən şəxsin əmək fəaliyyəti dövründə əldə etdiyi gəlirlərdən tutulmalar hesabına formalaşır. Baxıcı kimi alınan müavinət isə bu kateqoriyaya aid deyil və baza kapitalının formalaşmasında nəzərə alınmır”.
Etibar Qarayev vurğulayıb ki, bu müavinət yalnız əlil şəxsə baxmağa görə verilir və əmək fəaliyyəti kimi qiymətləndirilmədiyi üçün həmin dövr pensiya iş stajına əlavə olunmur.






















