Çili Səhiyyə Nazirliyi Hantavirus infeksiyasına yoluxanlar arasında ölüm göstəricilərinin kəskin artması səbəbindən bütün ölkə ərazisində xəbərdarlıq elan edib.
Referans Media xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Səhiyyə Nazirliyi ilk dəfə olaraq Hantavirusla bağlı sanitariya həyəcanı elan edib. Bu tədbir Atakamadan Maqalyanesə qədər olan bütün regionları əhatə edir və 31 iyul 2027-ci il tarixədək qüvvədə olacaq", - nazirliyin açıqlamasında bildirilir.
Məlumata əsasən, ilin əvvəlindən ötən həftəyə qədər ölkədə 46 yoluxma faktı qeydə alınıb ki, bunların da 18-i ölümlə nəticələnib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Çilidə 44 infeksiya halı aşkarlanıb və həmin dövrdə səkkiz xəstə həyatını itirib.
"Nazirlik olaraq biz virusun davranışını davamlı olaraq izləyirik. Bu il virusun ölümcüllük dərəcəsi artdığı üçün çox narahatıq və məsələ ilə fəal şəkildə məşğul oluruq. Həyəcan siqnalı elan etmək qərarımız da məhz bununla bağlıdır", – deyə səhiyyə nazirinin müavini Alexandra Pisarro bildirib.
Nazirlikdən onu da əlavə ediblər ki, sanitariya həyəcanının tətbiq edilməsi Hantavirus epidemiyasının başlanması və ya ölkənin səhiyyə sisteminin iflic olması demək deyil../Musavat.com/
