İsrail mətbuatı Suriyanın yeni prezidenti Əhməd əş-Şaranın beynəlxalq arenada sürətlə yüksəlişinin arxasında əsas dəstəkçi kimi Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanı göstərib. Təhlildə Ankara ilə Dəməşq arasında yaxınlaşmanın İsrail üçün ciddi risklər yaratdığı, xüsusilə də Colan təpələri məsələsində Təl-Əvivin beynəlxalq təzyiqlərlə üzləşə biləcəyi iddia olunub.
Referans Media xəbər verir ki, 2024-cü ilin sonlarında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyada prezident elan olunan Əhməd əş-Şara İsrail mediasının diqqət mərkəzində qalmaqda davam edir. İsraildə yayımlanan təhlildə onun beynəlxalq nüfuz qazanmasının əsas səbəbinin Türkiyənin siyasi və diplomatik dəstəyi olduğu vurğulanıb.
Təhlildə qeyd olunub ki, vaxtilə silahlı qruplaşmalarda fəaliyyət göstərmiş Əhməd əş-Şara hazırda kostyum geyinərək fərqli siyasi imic formalaşdırmağa çalışır. Onun Ağ evdə ABŞ Prezidenti Donald Trampla, Dəməşqdə isə BMT-nin Baş katibi Antonio Quterreş və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşlər buna nümunə kimi göstərilib.
İsrail mətbuatı Əhməd əş-Şaranı Fələstinin keçmiş lideri Yasir Ərəfatla müqayisə edib. Təhlildə iddia olunub ki, Ərəfat kimi, Şara da əsl məqsədlərini gizlədərək Qərb liderlərinə daha mülayim və praqmatik siyasətçi obrazı təqdim edir.
Məqalədə həmçinin vurğulanıb ki, Şaranın rəhbərlik etdiyi Suriya ölkənin ərazi bütövlüyü və əsas prinsiplərindən geri çəkilmədən beynəlxalq sanksiyaların böyük hissəsinin ləğvinə nail olub ki, bu da mühüm diplomatik uğur kimi qiymətləndirilib.
Təhlilin ən diqqətçəkən hissəsində Suriyanın diplomatik uğurlarının arxasında Türkiyənin dayandığı iddia edilib. Məqalədə Əhməd əş-Şaranın Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi sayəsində mühüm siyasi üstünlük əldə etdiyi, Ərdoğanın ABŞ Prezidenti Donald Trampa təsir imkanlarının bunun ən bariz nümunələrindən biri olduğu irəli sürülüb.
Bundan əlavə, Türkiyə ilə Suriya arasında müdafiə sənayesi və hərbi əməkdaşlıq başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi, bu yaxınlaşmanın isə İsrail üçün strateji risklər yaratdığı qeyd edilib.
Təhlildə İsrailin Suriya ilə etimadın artırılması istiqamətində addımlar atması üçün beynəlxalq təzyiqlərin artdığı da iddia olunub. Bildirilib ki, yaxın gələcəkdə Təl-Əviv işğal altında saxladığı Colan təpələri kimi ərazilərdən geri çəkilməsi ilə bağlı çağırışlarla üzləşə bilər.
Qeyd edək ki, bu məlumatlar İsrail mətbuatında dərc olunan təhlildə yer alan iddialardır və müstəqil şəkildə təsdiqlənməyib.
