ABŞ Prezidenti Donald Trampın son aylarda atdığı addımların dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracağı deyilir. Ekspertlər düşünürlər ki, Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi, yeni müharibələr ölkələri alternativ valyutalara yönəldir və bunun nəticəsində dolların üstünlük dairəsi daralır. Bildirilir ki, dollar artıq təkcə maliyyə vasitəsi deyil, ABŞ tərəfindən siyasi təzyiq aləti kimi istifadə olunur.
Trampın son addımları dollara nə vəd edir?
Referans Meida bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ABŞ liderinin son dövrlərdə həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə dolların qlobal üstünlüyünü müəyyən qədər zəiflədə bilər:
“Ancaq bu, dolların yaxın illərdə beynəlxalq ticarətin əsas valyutası statusunu itirəcəyi anlamına gəlmir. Hesab edirəm ki, ən azı yaxın bir neçə ildə dollar bu mövqeyini əsasən qoruyub saxlayacaq. Yəni dolların mövqeyi birdən-birə deyil, yalnız tədricən zəifləyə bilər. Bunun əsas səbəblərindən biri Trampın tətbiq etdiyi tariflər və proteksionist siyasətdir. Bu, qlobal ticarətin həcmini, ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələri zəiflədir. Nəticədə bəzi dövlətlər beynəlxalq hesablaşmalarda dollar əvəzinə avro, yuan, rubl və digər alternativ valyutalardan istifadə etməyə başlayırlar. Ancaq bu proses çox ehtiyatla gedir. Çünki dollar təkcə iqtisadi deyil, həm də siyasi təsir vasitəsidir. ABŞ uzun illərdir sanksiyalar və digər iqtisadi təzyiq mexanizmləri vasitəsilə dolların beynəlxalq mövqeyini qoruyub saxlayır. Buna görə də bir çox ölkələr alternativ ödəniş vasitələrinə keçid məsələsində tələsmirlər. Xüsusilə enerji daşıyıcılarının – neft və qazın beynəlxalq ticarətində hesablaşmaların böyük hissəsi hələ də dollarla aparılır. Əks halda, ölkələr ABŞ-la münasibətlərdə əlavə iqtisadi və siyasi risklərlə üzləşə bilərlər”.
Elçin Rəşidov
İqtisadçı bildirib ki, digər mühüm amil isə ABŞ iqtisadiyyatının miqyasıdır:
“ABŞ bazarı dünyanın ən böyük bazarlarından biridir və dövlət istiqrazları qlobal maliyyə bazarlarında ən çox istifadə olunan investisiya alətlərindən hesab olunur. Bu istiqrazların dollarla denominasiya edilməsi də dünya üzrə dollara olan tələbi yüksək səviyyədə saxlayır. Məhz buna görə dollar hələ də beynəlxalq ticarətin əsas valyutası olaraq qalır. Trampın siyasəti beynəlxalq ticarətin həcmini, xüsusilə də ABŞ-la aparılan ticarəti müəyyən qədər zəiflədə bilər. Buna baxmayaraq, ABŞ-ın qlobal iqtisadiyyatda payı hələ də kifayət qədər böyükdür. Bundan başqa, bir sıra ölkələrin milli valyutaları dollarla sıx bağlıdır. Məsələn, Azərbaycan manatının məzənnəsi uzun illərdir ABŞ dollarına bağlanıb. Bu da dolların beynəlxalq rolunu daha da gücləndirir və onun istifadə coğrafiyasını genişləndirir. Ona görə də hesab edirəm ki, qısa müddətli perspektivdə, yəni təxminən qarşıdakı üç il ərzində dolların mövqeyinin ciddi şəkildə zəifləməsi gözlənilmir. Lakin orta və uzunmüddətli dövrdə vəziyyət ABŞ-ın gələcək iqtisadi siyasətindən, beynəlxalq ticarətin inkişaf istiqamətindən və digər ölkələrin alternativ maliyyə sistemlərini nə dərəcədə genişləndirə bilməsindən asılı olacaq”.
Ekspertin sözlərinə görə, mövcud siyasət uzun müddət davam etsə, dolların beynəlxalq ticarətdə, valyuta ehtiyatlarında və investisiya portfellərində payı tədricən azala bilər:
“Məsələn, bir çox ölkələrin suveren fondları, o cümlədən Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli hissəsi dollarla denominasiya olunmuş maliyyə alətlərində saxlanılır. Gələcəkdə bu struktur müəyyən qədər dəyişə bilər. Uzunmüddətli perspektivdə isə daha böyük dəyişikliklər istisna deyil. Yeni maliyyə texnologiyaları, rəqəmsal ödəniş sistemləri və beynəlxalq rəqəmsal valyutalar meydana çıxa bilər. Belə bir ssenaridə təkcə dolların yox, ümumilikdə ənənəvi milli valyutaların beynəlxalq hesablaşmalardakı rolunun da əhəmiyyətli dərəcədə dəyişməsi və ya qismən əvəz olunması mümkündür”.
