Gökhan İnler Türkiyəyə gəlir: Hədəf Zaniolonun transferidir

İtaliya A Seriyası təmsilçisi "Udinese" heyətində icarə əsasında çıxış edən Nikolo Zaniolonun gələcəyi ilə bağlı mühüm inkişaf yaşanıb.

Referans Media xəbər verir ki, klubun idman direktoru Gökhan İnler futbolçunun transfer hüquqlarını almaq üçün "Qalatasaray" ilə danışıqlara başlayacaqlarını açıqlayıb.

Məlumata görə, "Udinese" rəhbərliyi 26 yaşlı italiyalı futbolçunun komandada qalmasını istəyir və artıq oyunçu ilə yeni müqavilənin əsas şərtləri üzrə razılıq əldə olunub.

Gökhan İnler bildirib ki, növbəti mərhələ "Qalatasaray"la transfer haqqı məsələsində ortaq məxrəcə gəlməkdir.

İnler açıqlamasında qeyd edib: “Nikolo Zaniolonun komandada qalması üçün futbolçu ilə hər məsələdə razılıq əldə etmişik. Yaxın günlərdə Türkiyəyə gələrək "Qalatasaray"a rəsmi təklifimizi təqdim edəcəyik. Məqsədimiz transfer məbləği ilə bağlı müəyyən güzəşt əldə etməkdir.”

İtaliya klubunun Qalatasaraya təqdim etməyi planlaşdırdığı iki variant var:

10 milyon avro məbləğində birbaşa transfer ödənişi;
5 milyon avro transfer haqqı və futbolçunun gələcək satışından "Qalatasaray"a 50 faiz pay verilməsi.
Sarı-qırmızılı rəhbərliyin hansı variantı seçəcəyi yaxın günlərdə aparılacaq danışıqlardan sonra dəqiqləşəcək.

Mövsüm ərzində "Udinese" forması ilə uğurlu çıxış edən Zaniolo komandanın əsas oyunçularından birinə çevrilib. Klub rəhbərliyi onun uzunmüddətli layihənin vacib hissəsi olduğunu düşünür və buna görə transferi birdəfəlik həll etmək niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki