image-mid1backend

Hərəyə 10 manat qoyub başlamışdılar – 16 yaşda qurulan biznesin hekayəs

2009-cu ildən etibarən fəaliyyət göstərən və bir dövrün ən sevilən onlayn musiqi platformalarından biri olan “mid.az” bağlandığını elan edib. Bu barədə məlumat platformanın sosial media hesabında paylaşılıb. Platformanın bağlanışı da maraqlı olub. İzləyicilərinə musiqi ilə vida ediblər.

“O vaxtlar Spotify yox idi, Apple Music yox idi – mid.az vardı”, – deyə vida mesajında bildirilir.

Valyuta.az bununla bağlı platformanın yaradıcısı Zülfüqar İsmayılzadə ilə həmsöhbət olub.

– Zülfüqar bəy, vebsayt yaratmağa nə zaman başlamısınız?

– Uşaq yaşlarımdan vebsayt yığmağa maraq göstərirdim, amma sayt yığmağa 16 yaşımdan başladığımı deyə bilərik.

– Maraqlıdır, 16 yaşda vebsayt quracaq səviyyəyə necə gəlib çatdınız?

– Bu sahəyə olan marağımın kökündə evimizdə 2001-ci ildən olan, amma texniki cəhətdən çox zəif bir kompüter dayanırdı. Həmin kompüter əsasən anamın çap işləri üçün istifadə olunurdu və oyun proqramlarını dəstəkləmirdi. Bu səbəbdən, kompüterdə vaxt keçirmək üçün fərqli yollar axtarırdım. Zamanla müxtəlif proqramlar yükləməyə, necə işlədiklərini öyrənməyə başladım. Hətta evdə internetə çıxışımız limitli olduğu üçün internet klubda oturub öyrənirdim. İnternetdən araşdıra-araşdıra, “mail.ru agent” kimi platformalarda insanlarla tanış olur, onlardan öyrənirdim. İlk layihəm “mid.az” da belə yarandı. Həmin sayt üzərində işlədikcə proqramlaşdırma biliklərim artdı. Düzdür, iqtisadi təhsil aldım, amma fəaliyyət sahəm proqramlaşdırma oldu. Son illərdə isə iqtisadiyyat və texnologiyanı birləşdirərək daha kompleks layihələrlə məşğul oluram.

– Məktəb vaxtı kompüterə maraq dərslərdən yayınmağınıza səbəb olmurdu?

– Düzdür, səs salan olmuşam, amma dərslərimi yaxşı oxuyurdum (Gülür). Universitetə qəbul imtahanında təxminən 505 bal topladım. Sınaqlardan 100 bal daha az oldu. Lakin son zamanlar vebsayt layihələri və “mid.az”la bağlı işlərə çox vaxt sərf etdiyim üçün əsas imtahanda nisbətən daha az bal yığdım.

– İqtisadi təhsil alırdınız, bəs proqramlaşdırma sahəsində özünüzü təkmilləşdirməyiniz necə oldu?

– Universitetə daxil olduqdan sonra ailə üzvlərim mənə söz verdilər ki, kompüter yenilənəcək və evə internet çəkiləcək. Belə də oldu. O zamanlar “YouTube” tədris baxımından indiki qədər rəngarəng olmasa da, mən “YouTube” vasitəsilə PHP və MySQL proqramlaşdırma dillərini öyrəndim.

Əvvəllər “mid.az” saytını hazır skriptlər üzərində qurmuşdum. Lakin universitet dövründə artıq saytı özüm sıfırdan proqramlaşdırmağa başladım. O vaxt MP3 platformasını tamamilə özüm yazmışdım və bu işdə heç bir hazır skriptdən istifadə etməmişdim. Bu, mənim üçün xüsusi mərhələ idi və o layihə ilə qürur duyurdum.

– Niyə məhz musiqi sahəsində platforma qurdunuz?

– O dövrdə bizim üçün nümunə olan “Big.az”, “Mix.az”, “Open.az” kimi saytlar var idi. Düşündük ki, MP3 saytına maraq daha çoxdur.

Təxminən 2009-cu ildə “mp3.mid.az” olaraq başlayan layihə sonradan əsas domen olan “mid.az”-a keçdi və uğurlu bir transformasiya baş verdi.

Biz musiqiləri əllə yerləşdirirdik, avtomatik sistem yox idi. Daha sonra, əlavə funksiyalar sayəsində sayta maraq artdı.

– “Biz” deyə danışırsınız. Tək deyildiniz?

– 4-5 nəfər idik. Yadıma gəlir, 40 manatlıq domen haqqını qarşılamaq üçün hər birimiz 10 manatdan pul toplamışdıq. “mid.az” domenini almaq ilk və ən vacib addımımız idi. Zamanla digər şəxslər komandadan uzaqlaşdı və Zamirlə mən ikimiz sona qədər davam etdik.

– Bəs saytdan pul qazanmaq məqsədi var idi, yoxsa sadəcə həvəs idi?

– Biz heç vaxt pul qazanmaq barədə düşünməmişdik. Məqsədimiz sadəcə saytı məşhurlaşdırmaq idi. 2012-2013-cü illərdə saytın gündəlik istifadəçi sayı 120 minə çatdı. O dövr üçün bu, çox ciddi göstərici idi. Biz pul axtarmadıq, amma pul bizi tapdı. Yəni, 3 il qətiyyən gəlir gətirmədi.

– Saytın ən aktiv dövrü və tənəzzül prosesi hansı illəri əhatə etdi?

– “Mid.az” layihəsinin zirvə dövrü təxminən 2012-2013-cü illərə təsadüf edir. Sayt 2015–2016-cı illərə qədər fəaliyyətini aktiv şəkildə davam etdirdi.

– Bağlanma qərarına necə və nə zaman gəldiniz?

– Lakin zaman keçdikcə trafikdə azalma, maraq itkisi və hüquqi çətinliklər səbəbindən layihə getdikcə diaqonal aşağı enişə keçdi.

Ən mühüm səbəb isə, hüquqi problemlərlə qarşılaşmağımız idi. Zamanla xarici müəllif hüquqları sahiblərindən, yəni studiyalardan və şirkətlərdən rəsmi e-maillər gəlməyə başladı. Bu məktublarda müəllif hüquqları pozulduğu üçün musiqilərin saytdan silinməsi tələb olunurdu. Biz həmin mahnıları bir-bir saytdan silməyə başladıq. Musiqi sayını azaltdıqca, saytın traffiki də azalmağa başladı.

Lakin biz artıq bilirik ki, bu model əvvəlki kimi işləmir. “Google”un tətbiq etdiyi alqoritmik sərtliklər, trafikin azalması, rəqəmsal musiqi platformalarının (“Spotify”, “Apple Music” və s.) dominantlığı, “mid.az” kimi layihələrin effektivliyini azaltdı. Bu səbəbdən, biz musiqi yerləşdirmə prosesindən uzaqlaşdıq.

– Musiqilərin içərisində “mid.az” səsinin gəlməsindən danışaq. O vaxt dinləyicilər musiqilərin içərisində platforma adının səslənməsini o qədər də sevmirdilər.

– Bizim əsas prinsipimiz o idi ki, musiqi fayllarının adlarına və iç mətnlərinə “mid.az” brendini əlavə etməyəcəyik. Bu prinsipə 2-3 il əməl etdik. Daha sonra sayt populyarlaşdıqca biz musiqi prodüserləri və studiyalarla tanış olmağa başladıq. Həmin studiyalarda çalışan şəxslər müğənnilərin yeni mahnılarını bizə göndərirdilər. Maraqlısı budur ki, artıq “mid.az” brendini mahnıların özlərinə yerləşdirilmiş şəkildə təqdim edirdilər. Yəni bu işi artıq biz yox, özləri həyata keçirirdilər. Sonra biz də əlavə etməyə başladıq.

– Bəs o adın musiqilərdə səslənməsi sizə necə təsir edirdi?

– “Mid.az”ın loqosunun musiqilərdə səslənməsi mənim üçün hər zaman qarışıq hisslər yaradıb. Elə anlar olub ki, bu, mənə böyük fəxr hissi yaşadıb. Məsələn, türk seriallarının birində və “Yetenek Sizsiniz Türkiye” adlı verilişdə “mid.az” loqosunun səsləndiyini eşitdim. Bu da mənə zövq və qürur hissi yaşatdı.

Amma çətin və utandırıcı anlar da olub. Təxminən 10 il əvvəl, taksi ilə harasa gedirdim. Sürücü maşında musiqiyə qulaq asırdı, musiqinin ortasında “mid.az” loqosu səsləndi. Sürücü əsəbi şəkildə dedi: “Bezdiriblər adamı, hər musiqinin ortasında bu səs çıxır”. Mən o an qıpqırmızı qızardım, özümü çox narahat hiss etdim. Bu, məni iki zidd hiss arasında qoymuşdu.

– Saytı dayandırmaq yox, istiqamətini dəyişdirmək üzərində düşündünüz?

– “Mid.az” layihəsinin fəaliyyəti azaldıqdan sonra fərqli ideyalar da ortaya çıxmağa başladı. Hətta tərəfdaşım bir ara onlayn radio, leqal musiqi platforması və s. yaratmağı təklif edirdi, sadəcə onları hələ ki uyğun görmürdük. Mid.az-ın dayanması fəaliyyətimizin tamamilə dayandığı anlamına gəlmir. Məsələn, “Səsplus” adlı bir layihəni bəlkə də eşitmisiniz. Mən həmin layihənin yaradıcılarından və komanda üzvlərindən biriyəm. Bu layihədə də əsas ideya musiqi və səs üzərində qurulub.

Hazırda həm də xarici bazarlarda həyata keçirdiyim layihələrlə məşğulam. Yeni layihələr üzərində çalışırıq və tezliklə daha maraqlı və pozitiv təşəbbüslərlə qarşınızda olacağıq.

– 16 il fəaliyyət göstərən saytı bağlamaq qərarı sizə emosional çətinlik yaratdımı?

– “Mid.az”ın bağlanması qərarını vermək mənim üçün asan olmadı. Əslində, uzun müddət bu qərarın fərqində belə deyildim. Sadəcə, 2020-ci ildən etibarən sayta yeni kontent əlavə etməyi dayandırdıq. Sayt aktiv idi, amma istifadəçilər mahnı yükləyə bilmirdilər. Bunun əsas səbəbi isə texniki xərclərin artması və reklam gəlirlərinin olmaması idi. 2021-ci ildən etibarən heç bir gəlir əldə etmədik. Əksinə, saytı sadəcə aktiv saxlamaq üçün təxminən 1000 dollar xərclədim. Hər ay kartımdan çıxan 22-24 dollar mənə “mid.az”ı xatırladırdı.

Saytın bağlanmasına qərar verdim və keçmiş tərəfdaşım Zamirlə də bu qərarı paylaşdım.

– Bir də, bağlanışı musiqi ilə etməyinizin səbəbi nə idi?

– İstədim ki, “mid.az” insanlarda necə pozitiv xatirələrlə qalıbsa, elə də pozitiv bir mesajla sağollaşsın.

Əlvida mesajında hətta bir kiçik troll səhnə də əlavə etmişdim: “mid.az” səsləndikdə 3 saniyəlik gülüş səslənir və bitir. Bilirdim ki, istifadəçilər mahnılara “mid.az” loqosunun əlavə edilməsini bəyənmirdilər. Əvvəllər bunu məcbur edirdik, sonra isə tanıtım məqsədilə davam etdirmişdik. Amma bu dəfə öz tənqidlərini də mesajın içinə yerləşdirdik.

Hədəfimiz həm istifadəçilərə düzgün musiqi dinləmə vərdişi aşılamaq, həm də musiqi sahəsində əziyyət çəkən insanların haqqını qorumaq idi.

– 16 yaşda bu işi qurmaq, idarə etmək sizə hansı təcrübəni öyrətdi?

– “Mid.az” mənə komanda ruhunu, səbirli və məqsədli işləməyi, uğurlu layihəyə gedən yolu və ən əsası layihə mədəniyyətini öyrətdi.

Bu proseslər mənə çox önəmli bir dərs verdi: pul qazanmağa deyil, təcrübəyə və yolda baş verənlərə fokuslanmaq lazımdır.

Maraqlı ideya varsa, faydalı nəsə yaratmaq mümkündürsə, onun arxasınca gedirəm. Hər dəfə də uğur və nəticə bu yanaşma ilə gəlir.

Əgər o vaxt indiki kimi reklam, “targeting” və monetizasiya biliklərim olsaydı, çox güman ki, “mid.az”dan 3-4 qat artıq gəlir əldə edə bilərdim.

Saytın bağlanması qərarını isə etik baxış bucağımın dəyişməsi sürətləndirdi. Artıq mən də başa düşürdüm ki, MP3 yayımı hüquqi baxımdan tam leqal deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki