İmişlinin Hacımuradlı kənd orta məktəbində, ömrünün 21 ilini bura qurban vermiş bir insanın — təsərrüfat müdiri Vahid Tanrıverdiyevin başına açılan oyunlara baxaq!
Vahid müəllim tam 21 il ərzində bu məktəbdə bir dənə də olsun nöqsan, bir dənə də olsun töhmət almadan, qüsursuz işləyib. Məktəbin hər daşında, əkilən hər ağacında onun əməyi var. Lakin iki il əvvəl gələn yeni direktor Ruslan İbayev məktəbdə qanunsuz pul yığımları təşkil edəndə, Vahid müəllim bu çirkin oyunların bir parçası olmaqdan imtina etdi! Nəticə nə oldu? Direktor öz qanunsuzluqlarını pərdələmək üçün 21 illik təmiz fəaliyyəti olan bu insanı şərləyərək, qanunsuz şəkildə işdən qovdu!
İnsanda azca insaf olar... 60 yaşında, evində 8 nəfər külfəti olan, ailəsini cəmi 392 manat maaşla dolandıran bir insanı bu cür amansızcasına çörəklə sınağa çəkmək hansı müsəlmanlığa, hansı vicdana sığır? Bir tərəfdə direktor özünün kollec məzunu olan arvadına məktəbdəki bütün dərsləri paylayır, digər tərəfdə işə gəlməyən, dərs keçmək əziyyətinə qatlaşmayan doğma əmioğlusuna aylarla "ölü can" maaşı yazdırır, amma 21 il can qoyan Vahid müəllimi rəsmən küçəyə atır! Hələ bu azmış kimi, məktəbdəki Şəhid ailəsinin üzvünü də işdən uzaqlaşdırır!
Amma haqq nazilər, üzülməz! Vahid müəllim susmadı, hüququnu tələb etdi. Həm Dövlət Əmək Müfəttişliyi, həm də İmişli Rayon Məhkəməsi rəsmən təsdiqlədi ki, Vahid müəllim tamamilə günahsızdır və dərhal işinə bərpa olunmalıdır!
İndi sual edirik: Məhkəmənin qəti qərarı rəsmi şəkildə stolunun üstündə ola-ola, direktor Ruslan İbayev hansı cürətlə, kimə arxalanaraq Vahid müəllimi işinə qaytarmır? Dövlətin məhkəmə qərarını saymamaq kimə meydan oxumaqdır?
Təhsil Nazirliyi və aidiyyəti orqanlar İmişlidəki bu dərəbəyliyə dərhal son qoymalıdır! Ruslan İbayevin əməlləri araşdırılmalı və Vahid müəllimin tapdanmış haqqı, çörəyi özünə qaytarılmalıdır!
Sima Babayeva
