"Casus tısbağa" göndərməyin - Pekindən sərt reaksiya

Çin xarici ölkələrin dəniz canlılarından, xüsusilə sensorlarla təchiz edilmiş balıq və tısbağalardan kəşfiyyat məqsədilə istifadə etdiyini iddia edərək bu fəaliyyətin dərhal dayandırılmasını tələb edib.

Referans Media  “The Telegraph”a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi (MSS) məlumat yayıb.

Bildirilib ki, bu tip texnologiyalar vasitəsilə dənizlərin temperaturu, duzluluğu və okean cərəyanları real vaxtda izlənilir və məlumatlar birbaşa kəşfiyyat mərkəzlərinə ötürülür. Nazirlik həmçinin bəzi yük gəmilərinə quraşdırılmış avadanlıqlar vasitəsilə “dəniz müşahidə şəbəkəsi” qurulduğunu iddia edib.

Pekin bu fəaliyyətlərin Çin hərbi gəmilərinin və sualtı qayıqlarının izlənməsinə, eləcə də sahil müdafiə zəifliklərinin müəyyən edilməsinə imkan yaratdığını və bunun milli təhlükəsizlik üçün ciddi təhdid olduğunu açıqlayıb.

Qeyd olunub ki, bu açıqlama Çin-Filippin arasında dəniz sərhədləri ilə bağlı artan gərginlik fonunda yayılıb. Məlumata görə, tərəflər mübahisəli sularda qarşılıqlı ittihamlar irəli sürür. Çin Filippini sülhü pozmaqda, Manila isə Pekini öz sularında qanunsuz fəaliyyət və ekoloji zərər yaratmaqda günahlandırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki