Qrip virusunun mutasiyalarına qarşı daha sürətli hazırlanması ilə seçilən və COVID-19 pandemiyası dövründə effektivliyini sübut edən mRNT texnologiyası artıq mövsümi qrip peyvəndlərində də istifadə olunmağa hazırlaşır.
ABŞ-nin Food and Drug Administration (FDA) məsləhət şurası Moderna şirkətinin hazırladığı “mFlusiva” adlı ilk mRNT əsaslı qrip peyvəndinin təsdiqlənməsini tövsiyə edib. Peyvəndlə bağlı yekun qərarın avqustun əvvəlində verilməsi gözlənilir.
Ənənəvi peyvəndlərdən daha sürətli və effektiv
Mütəxəssislərin sözlərinə görə, Nobel mükafatlı mRNT texnologiyası ilə hazırlanan peyvəndlər ənənəvi üsullarla müqayisədə daha qısa müddətdə istehsal olunur. Bu isə daim mutasiyaya uğrayan qrip virusuna qarşı daha operativ reaksiya verməyə imkan yaradır.
40 min nəfərin iştirakı ilə aparılan klinik sınaqlarda Moderna-nın mRNT peyvəndinin mövcud qrip peyvəndləri ilə müqayisədə qripə yoluxma hallarını təxminən 27 faiz daha çox azaltdığı müəyyən edilib. Xüsusilə virusun peyvənd tərkibi ilə tam uyğun gəlmədiyi dövrlərdə ağırlaşmaların və xəstəxanaya yerləşdirmələrin azalacağı gözlənilir.
Yaşlılar üçün daha güclü müdafiə
ABŞ-də hər il on minlərlə insanın ölümünə səbəb olan qripə qarşı yeni peyvəndin ilk növbədə yaşlı əhali arasında tətbiqi planlaşdırılır.
Şirkət 50-64 yaş arası şəxslər üçün tam təsdiq, 65 yaşdan yuxarı insanlar üçün isə əlavə araşdırmalar davam etdiyi müddətdə təcili istifadə icazəsi almağa çalışır.
FDA-nın ekspertləri peyvəndin faydalarının mümkün risklərdən daha üstün olduğunu yekdilliklə qəbul ediblər. Xüsusilə yaşlı insanlarda müşahidə olunan güclü immun cavab müsbət nəticə kimi qiymətləndirilir.
Ciddi təhlükəsizlik problemi aşkarlanmayıb
Araşdırmalar zamanı peyvəndlə bağlı ciddi təhlükəsizlik riski qeydə alınmayıb. İynə vurulan nahiyədə ağrı, qızdırma, baş ağrısı və halsızlıq kimi müvəqqəti yan təsirlərin mövcud qrip peyvəndləri ilə müqayisədə bir qədər daha tez-tez görüldüyü bildirilib.
Mütəxəssislər qeyd edirlər ki, bu cür reaksiyalar mRNT peyvəndləri üçün xarakterikdir və immun sisteminin peyvəndə cavab verdiyini göstərir.
Peyvənd təsdiqlənərsə, Moderna 65 yaşdan yuxarı 400 min nəfərin iştirak edəcəyi iki illik əlavə müşahidə proqramına başlayacaq.
