İranla ABŞ arasında artan hərbi-siyasi qarşıdurma fonunda Tehranın hərbi fəallığının Azərbaycanın cənub sərhədləri istiqamətində də müşahidə olunması ciddi narahatlıq doğurur. Xüsusilə bu istiqamətdə raket buraxılış qurğularının yerləşdirilməsi Bakıya ünvanlanmış mümkün təhdid kimi diqqətdən kənarda qala bilməz.
Bəs Azərbaycanın cənub sərhədləri yaxınlığında hərbi sistemlərin yerləşdirilməsinin arxasında hansı məqsəd dayanır?
Referans Media-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə Musavat.com-da qeyd edib ki, Azərbaycan hər zaman İranla qonşuluq və dostluq münasibətlərinə önəm verib: “Məhz 40 günlük müharibə zamanı da Bakı öz ərazisinin İrana qarşı hər hansı təhlükə mənbəyi olmayacağını nümayiş etdirdi, hətta Tehrana humanitar yardım göstərdi. Prezident İlham Əliyev Məsud Pezeşkianla dəfələrlə telefon danışıqları apararaq iki ölkə arasında münasibətlərin qorunmasına və gərginliyin aradan qaldırılmasına çalışdı. Lakin bütün bunlara baxmayaraq, İranda, xüsusilə SEPAH daxilində təmsil olunan müəyyən dairələrdə Azərbaycana qarşı ənənəvi anti-Azərbaycan mövqeyinin davam etdiyini görürük”.
Onun dediyinə görə, Pezeşkianın və Yəhya Səfəvinin hərbi qərarların qəbul edilməsi prosesindən kənarlaşdırılması, əvəzində Möhsün Rzayi, Təhlükəsizlik Şurasının katibi Əhməd Vahidi və SEPAH rəhbərliyinin mövqelərinin güclənməsi Tehranın Azərbaycana qarşı praktiki mövqeyini ortaya qoyub.
Politoloq hesab edir ki, Azərbaycanın cənub sərhədləri istiqamətində raket sistemlərinin yerləşdirilməsi çox ciddi təhlükəsizlik məsələsidir: “Belə addımların arxasında SEPAH dayanır. Bununla bağlı rəsmi Tehran açıqlama verməlidir. Azərbaycan öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün zəruri müdafiə imkanlarına malikdir. Bakı heç bir dövlətin daxili və xarici siyasətinə müdaxilə etmək niyyətində deyil, lakin ölkəmizə qarşı hər hansı hərbi təhdidə də laqeyd yanaşmayacaq”.
