ABŞ-də aralıq seçkilərə start verildi: Tramp üçün həlledici sınaq

ABŞ-də Konqresə aralıq seçkilər başlayıb. Səsvermə çərçivəsində Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 100 yerindən 35-i uğrunda mübarizə aparılır. Seçkilərin nəticələri Prezident Donald Trampın səlahiyyət müddətinin qalan iki ilində siyasi fəaliyyətinə ciddi təsir göstərə bilər.

Referans Media xəbər verir ki, təxminən 210 milyon qeydiyyatdan keçmiş seçicinin iştirak etməsi gözlənilən səsvermə Trampın dördillik prezidentlik müddətinin ortasında keçirilir.

Hazırda 435 yerlik Nümayəndələr Palatasında respublikaçılar 218 mandatla çoxluğa malikdir. Demokratların 214 yeri var. Bir müstəqil deputat respublikaçılarla birlikdə fəaliyyət göstərir, iki mandat isə vakantdır.

Palataya nəzarəti əldə etmək üçün ən azı 218 mandat tələb olunur.

100 yerlik Senatda isə respublikaçıların 53 senatoru var. Demokratlar 45 senator və onlarla əməkdaşlıq edən iki müstəqil senatorla birlikdə 47 yerə sahibdir. Çoxluğu əldə etmək üçün demokratlar ən azı dörd əlavə mandat qazanmalıdır.

Seçki kampaniyasında seçicilərin ən çox diqqət yetirdiyi məsələlər yaşayış xərclərinin artması, xüsusilə yanacaq, mənzil və səhiyyə xərcləri olub.

Bundan başqa, ABŞ-İran gərginliyi, İsrailə dəstək siyasəti və süni intellekt texnologiyalarının inkişafı da seçkiqabağı müzakirələrin əsas mövzuları sırasında yer alıb.

Demokratlar Konqresin hər iki palatasından ən azı birində çoxluğu əldə edəcəkləri təqdirdə, Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin qarşısını almaq, yüksək vəzifəli təyinatları təsdiqləməmək və administrasiyanın fəaliyyəti ilə bağlı araşdırmalar başlatmaq imkanına malik olacaqlar.

Səsvermə məntəqələrinin yerli vaxtla saat 18:00-dan etibarən mərhələli şəkildə bağlanacağı bildirilir. Poçt vasitəsilə verilən səslərin sayılması səbəbindən yekun nəticələrin açıqlanması bir neçə gün çəkə bilər.

Seçiləcək yeni Konqres üzvlərinin 2027-ci il yanvarın 3-də and içərək vəzifələrinin icrasına başlaması nəzərdə tutulur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki