image-iran-hurmuz-bogazi-ni-kapatti-gecmeye-calisan-19618141_5294_ampbackend

İran Hörmüz Boğazını bağladı – Keçən hər gəmi hədəf olacaq!

Yaxın Şərqdə davam edən müharibə fonunda gərginlik daha da artıb. İran rəsmiləri dünya enerji ticarəti üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazını bağladıqlarını açıqlayıb.

Referans Media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəfə alınacaq.

Dünya enerji bazarı üçün kritik nöqtə

Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin ən kritik marşrutlarından biri hesab olunur. Dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən üçdə biri və mayeləşdirilmiş təbii qazın böyük hissəsi məhz bu dar su yolundan keçir. İran və Oman arasında yerləşən boğazın ən dar nöqtəsi təxminən 33 kilometrdir və Fars körfəzindəki böyük neft istehsalçılarını açıq okeanla birləşdirən əsas marşrut sayılır. Bu səbəbdən boğazın bağlanması ehtimalı belə qlobal enerji bazarlarında ciddi narahatlıq yaradır.

ABŞ: “11 İran gəmisini məhv etdik”

Bu arada ABŞ ordusu ilk 48 saat ərzində İranda 1250-dən çox hədəfin vurulduğunu açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı isə ümumilikdə 11 İran hərbi gəmisinin məhv edildiyini bildirib.

İran: “Region ölkələri ilə müharibədə deyilik”

İranın xarici işlər naziri Abbas Ərakçi isə açıqlamasında ölkəsinin region dövlətləri ilə müharibə aparmadığını bildirib və bu ölkələri Vaşinqtona təzyiq göstərməyə çağırıb.

Tramp: “Quru əməliyyatı istisna deyil”

ABŞ prezidenti Donald Tramp isə lazım gələrsə İrana qarşı quru əməliyyatının da mümkün olduğunu deyib. O bildirib ki, İranın raket və nüvə proqramı ABŞ üçün ciddi təhlükə yaradır.

Livanda itkilər artır

Eyni zamanda Livan Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölənlərin sayının 52-yə çatdığını, ən azı 150 nəfərin yaralandığını açıqlayıb.
Münaqişə fonunda bölgədə vəziyyət son illərin ən təhlükəli mərhələsinə daxil olub və enerji bazarları ilə yanaşı dünya iqtisadiyyatına təsir göstərə biləcək yeni risklərin yarandığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki