Son günlərdə İran və İsrail arasında yaşanan hərbi gərginlik fonunda Hörmüz boğazının bağlanması ehtimalı ilə bağlı müzakirələr genişlənib. Bu ssenarinin qlobal neft bazarına və Azərbaycan daxilində yanacaq qiymətlərinə mümkün təsiri ilə bağlı suallar yaranır.
Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, mövcud şəraitdə dəqiq və birmənalı proqnoz vermək kifayət qədər çətindir. Onun sözlərinə görə, bir neçə gün davam edən qiymət dəyişiklikləri Azərbaycan bazarında benzin və dizel qiymətlərinə təsir göstərə də bilər, heç bir təsir yaratmaya da bilər.
Ekspert qeyd edib ki, proses uzunmüddətli xarakter alarsa, təsir ehtimalı daha da arta bilər. Hazırda müəyyən siqnallar mövcud olsa da, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. R.Həsənovun fikrincə, İranın müqaviməti davam etdirməsi və müharibənin daha geniş coğrafiyaya yayılması ehtimalı eskalasiyanı gücləndirə, bu isə neftin qiymətinin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb ola bilər. Artıq bir sıra beynəlxalq maliyyə qurumlarının ekspertləri neftin bir barelinin qiymətinin 100 ABŞ dollarına çata biləcəyini istisna etmirlər.
İqtisadçı vurğulayıb ki, əsas məsələ qiymətin hansı səviyyəyə yüksəlməsindən çox, həmin səviyyədə nə qədər müddət qalacağıdır. Onun sözlərinə görə, qiymətin davamlılığı və prosesin müddəti həlledici amillərdir.
R.Həsənov hesab edir ki, mümkün qiymət artımları fonunda Azərbaycanda inflyasiya təzyiqləri güclənə bilər. Bu baxımdan hökumətin öz nəzarətində olan, xüsusilə təbii inhisar sahələrində qiymət artımına getməməsi daha məqsədəuyğun olardı. Çünki yanacağın bahalaşması digər mal və xidmətlərin qiymətinin artması üçün iqtisadi əsas yaradır və bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər.
Ekspert eyni zamanda qeyd edib ki, proseslərin qlobal iqtisadi artımı zəiflədərək böhran mərhələsinə keçməsi ehtimalı da var. Belə bir halda Azərbaycan iqtisadiyyatında da dinamikanın zəifləməsi mümkündür. Onun sözlərinə görə, əvvəlki təcrübələr nəzərə alınarsa, büdcə gəlirlərinin və fiskal dayanıqlılığın qorunması məqsədilə hökumət alternativ gəlir mənbələri axtara bilər. Bu kontekstdə gələcəkdə yanacaq qiymətlərinə yenidən baxılması ehtimalı nəzəri olaraq mövcud olsa da, bu, hazırkı mərhələdə aktual məsələ deyil. Ekspert hesab edir ki, məsələyə daha aydın mənzərə formalaşdıqdan sonra yenidən qayıtmaq daha doğru olar.
Digər iqtisadçı Xalid Kərimli isə bildirib ki, Azərbaycanda benzin və dizel qiymətləri daxili bazarda Tarif Şurası tərəfindən tənzimlənir. Onun sözlərinə görə, qiymət qərarları qəbul edilərkən təkcə dünya bazarında neftin qiyməti deyil, digər sosial və iqtisadi amillər də nəzərə alınır.
X.Kərimli xatırladıb ki, əvvəlki illərdə neftin dünya bazarında ucuzlaşdığı dövrlərdə belə, daxili bazarda qiymət artımı qərarları qəbul olunub. Bu səbəbdən də hazırkı şəraitdə qlobal bazarda qiymət artımı fonunda Azərbaycanda avtomatik şəkildə bahalaşma gözlənilmir. İqtisadçının fikrincə, qərarlar qəbul edilərkən sosial siyasət, istehsal xərcləri və digər daxili faktorlar da əsas rol oynayır və buna görə də yaxın dövrdə qiymət artımı gözləntisi yoxdur.
Gülnaz Abdullazadə























