“Financial Times” qəzetinin məlumatına görə, ABŞ prezidentinin qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli qarşıdan gələn Dünya Kubokunda İran milli komandasının İtaliya yığması ilə əvəz olunmasını təklif edib.
Referans Media xəbər verir ki, o, bu ideyanı ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantinoya təqdim edib və İtaliyanın turnirdə iştirakını arzuladığını bildirib.
Aprelin 21-də İranın idman naziri Əhməd Donyamali təhlükəsizlik səbəblərini əsas gətirərək milli komandanın Dünya Kubokunda iştirakına icazə verildiyini, lakin yekun qərarın hələ verilmədiyini açıqlayıb. Daha əvvəl isə martın 11-də komandanın turnirdə iştirak etməyəcəyi bildirilsə də, sonradan Asiya Futbol Konfederasiyası İranın çıxışı ilə bağlı rəsmi bildiriş almadığını açıqlayıb.
İran Futbol Federasiyası isə milli komandanın boykot etməyəcəyini bəyan edib, FIFA prezidenti Canni İnfantino da İranın iştirak edəcəyini gözlədiklərini bildirib. Məlumata görə, İran milli komandası turnirin qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alır və bütün oyunlarını ABŞ-də keçirməsi planlaşdırılır. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək və ilk dəfə 48 komanda iştirak edəcək. Eyni zamanda, regionda baş verən hərbi gərginliklə bağlı müxtəlif iddialar da gündəmdədir.























