Şəxsin razılığı olmadan telefon danışıqlarının yazılması, səs yazılarının və şəxsi yazışmaların sosial şəbəkələrdə paylaşılması son dövrlər geniş müzakirə olunan hüquqi məsələlərdəndir. Bəs belə hallarda qanunvericilik hansı məsuliyyəti nəzərdə tutur?
Mövzu ilə bağlı Referans Media-ya danışan hüquqşünas Xəyal Məmmədov bildirib ki, bu cür hərəkətlər şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, hüquqi yardım üçün müraciət edən vətəndaşların ən çox ünvanladıqları suallardan biri də şəxsin razılığı olmadan telefon danışığının yazılması, səs yazılarının yayılması və şəxsi yazışmaların sosial şəbəkələrdə paylaşılması ilə bağlıdır.
"Təcrübəmdə dəfələrlə rastlaşmışam ki, insanlar ailədaxili mübahisələr, şəxsi münasibətlər, iş yerlərində yaranan münaqişələr və digər mübahisələr zamanı emosional davranaraq qarşı tərəfin səs yazısını və ya şəxsi yazışmalarını müxtəlif sosial şəbəkələrdə paylaşırlar. Əksər hallarda isə bunu qanun pozuntusu hesab etmirlər. Halbuki belə hərəkətlər təkcə etik davranış qaydalarının pozulması deyil, eyni zamanda qanunla qorunan şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər."
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ var.
"Həmin maddəyə görə şəxsi həyatın sirri, yazışmaların və telefon danışıqlarının məxfiliyi dövlət tərəfindən qorunur. Bu hüquqlara yalnız qanunda nəzərdə tutulmuş hallarda müdaxilə edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələrində yazışmaların, telefon danışıqlarının və şəxsi həyata aid məlumatların qanunsuz toplanılması və yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur."
Xəyal Məmmədov qeyd edib ki, vətəndaşların ən çox verdiyi suallardan biri də özlərinin yazdığı telefon danışığını paylaşa bilib-bilməmələri ilə bağlıdır.
"Səs yazısının və ya şəxsi yazışmanın sizdə olması onu istədiyiniz kimi yaymaq hüququ vermir. Qarşı tərəfin razılığı və qanunun tələbləri mütləq nəzərə alınmalıdır. Bu qayda WhatsApp, Telegram, Messenger, Instagram və digər platformalarda aparılan şəxsi yazışmalara da aiddir. Yazışmaların ekran görüntüsünü paylaşmaq, məzmununu yaymaq və ya üçüncü şəxslərə göndərmək də hüquqi məsuliyyət yarada bilər."
Onun sözlərinə görə, belə hallarda qanunu pozan şəxsləri ciddi hüquqi məsuliyyət gözləyir.
"Qanunvericiliyə əsasən, həmin şəxs 1000 manatdan 2000 manatadək cərimə oluna, 240 saatdan 480 saatadək ictimai işlərə cəlb edilə və ya 1 ilədək islah işləri cəzası ala bilər. Bundan əlavə, paylaşım nəticəsində qarşı tərəfə mənəvi və ya maddi zərər dəyibsə, zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək mənəvi ziyana görə pul kompensasiyası da tələb edə bilər. Kompensasiyanın məbləğini isə işin hallarını nəzərə alaraq məhkəmə müəyyən edir."
Hüquqşünas vurğulayıb ki, haqlı olmaq heç kimə qanunu pozmaq hüququ vermir.
"Hüququ pozulmuş şəxs belə, öz hüququnu yalnız qanunun müəyyən etdiyi qaydada müdafiə etməlidir. Əks halda, özü də hüquqi məsuliyyətlə üzləşə bilər. Mübahisə zamanı emosiyalara qapılmaq əvəzinə hüquqi yollara üstünlük verilməlidir. Hüquqların pozulduğu hesab edilirsə, polisə, prokurorluğa və ya məhkəməyə müraciət etmək daha doğru və təhlükəsiz yoldur."
Xəyal Məmmədov sonda qeyd edib ki, rəqəmsal dövrdə hər bir vətəndaş internetdən və sosial şəbəkələrdən istifadə edərkən hüquq və məsuliyyətlərini bilməlidir.
"Bir neçə saniyə ərzində edilən düşünülməmiş paylaşım cinayət məsuliyyətinə, məhkəmə çəkişmələrinə və maddi itkilərə səbəb ola bilər. Buna görə də hər kəs başqasının şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməli və hüquqi problem yarandıqda qanuni vasitələrə üstünlük verməlidir."
Gülnaz Abdullazadə
