Azərbaycanda quru sərhədlərin açılması ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda, bu addımın daxili bazarda qiymətlərə və inflyasiyaya mümkün təsirləri də gündəmdədir. Bəs sərhədlərin açılması ərzaq və istehlak mallarının qiymətlərini ucuzlaşdıra bilərmi?
Referans Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, quru sərhədlərin açılması qiymətlərə müəyyən qədər müsbət təsir göstərə bilsə də, inflyasiyanı qısa müddətdə ciddi şəkildə aşağı salacağını gözləmək düzgün deyil.
Onun sözlərinə görə, quru sərhədlərin açılması yük və sərnişin daşımalarının daha rahat təşkilinə imkan yaradacaq, bu isə logistika xərclərinin azalmasına, malların çatdırılma müddətinin qısalmasına və təchizat zəncirinin daha çevik fəaliyyət göstərməsinə səbəb ola bilər.
"Bu, xüsusilə xaricdən idxal olunan ərzaq məhsulları, gündəlik istehlak malları və bəzi sənaye məhsullarının maya dəyərinin azalmasına kömək edə bilər."
İqtisadçı qeyd edib ki, sərhədlərin açılması bazarda rəqabətin güclənməsinə də şərait yarada bilər.
"İdxalçıların və daşıyıcıların seçim imkanlarının artması bəzi məhsullar üzrə qiymət artımlarını məhdudlaşdıra və bazarda daha əlverişli qiymətlərin formalaşmasına töhfə verə bilər. Xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz və bəzi istehlak mallarında bu təsir daha qabarıq hiss oluna bilər."
Akif Nəsirli vurğulayıb ki, Azərbaycanda inflyasiyanın formalaşmasına təsir edən əsas amillər qlobal ərzaq və enerji qiymətləri, valyuta məzənnəsi, daxili tələb, monetar siyasət və istehsal xərcləridir.
"Buna görə də təkcə quru sərhədlərin açılması ümumi inflyasiya səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salacaq amil hesab edilə bilməz. Əgər dünya bazarlarında qiymətlər yüksək qalarsa və digər inflyasiya amilləri dəyişməzsə, sərhədlərin açılmasının təsiri daha çox ayrı-ayrı məhsul qruplarında və logistika xərclərinin payının yüksək olduğu sahələrdə hiss oluna bilər."
İqtisadçı hesab edir ki, quru sərhədlərin açılması qiymət sabitliyinə müsbət dəstək verə biləcək amillərdən biridir, lakin davamlı inflyasiya azalması üçün bu, təkbaşına kifayət etmir.
"Bunun üçün daxili istehsalın genişlənməsi, rəqabət mühitinin gücləndirilməsi, logistika infrastrukturunun inkişafı və makroiqtisadi sabitliyin qorunması kimi digər amillər də həlledici rol oynayır."
Gülnaz Abdullazadə
