Son dövrlər İranda düyü ilə bağlı yaranan problemlər və Hindistandan idxalın azalması ehtimalı Azərbaycanda bu məhsulun qiymətinin artıb-artmayacağı ilə bağlı suallar yaradıb. Xüsusilə bayram ərəfəsində bazarda düyü qıtlığı və ya qiymət artımı riskinin olub-olmaması cəmiyyətdə müzakirə olunan məsələlərdən biridir.
Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, düyüyə olan tələbatın ödənilməsi baxımından Azərbaycan idxaldan əhəmiyyətli dərəcədə asılı ölkələrdən biridir.
Onun sözlərinə görə, 2024-cü ilin məlumatlarına əsasən, ölkədə il ərzində həm qida məhsullarının istehsalı, həm də əhalinin şəxsi istehlakı üçün təxminən 79 min ton düyüyə tələbat olduğu halda, bunun yalnız 18 min tonu yerli istehsalın payına düşür. Bu isə o deməkdir ki, bu məhsul üzrə idxaldan asılılıq təxminən 77 faizdir.
Ekspert qeyd edib ki, bu göstərici kifayət qədər yüksəkdir və əsas idxal bazarlarında hər hansı dəyişiklik baş verdikdə, ixraca məhdudiyyətlər tətbiq edildikdə və ya qiymətlər artdıqda bunun Azərbaycan bazarına da birbaşa təsiri olur. Belə hallarda ölkədə düyünün qiymətində ciddi artım müşahidə oluna bilər.
Rəşad Həsənovun sözlərinə görə, idxal bazarları baxımından Azərbaycan üçün əsas mənbə Hindistan bazarıdır. 2025-ci ilin məlumatlarına əsasən, ölkənin düyü idxalında təxminən 71 faiz pay Hindistanın üzərinə düşür. Bu isə o deməkdir ki, Hindistan bazarında hər hansı problem yaranarsa və bu vəziyyət uzun müddət davam edərsə, Azərbaycanda da düyü bazarına təsiri daha böyük olacaq.
Ekspert bildirib ki, İran bu istiqamətdə əsas idxal bazarlarından biri sayılmır. Ötən il İranla idxal edilən düyünün həcmi təxminən 23 min ton olub ki, bu da ümumi idxalın çox kiçik hissəsini təşkil edir. Bu səbəbdən İranda düyü ixracına məhdudiyyət qoyulması və ya qiymətlərin artması Azərbaycan bazarına ciddi təsir göstərməyə bilər.
Bununla belə, Rəşad Həsənov vurğulayıb ki, son həftələrdə artıq düyünün qiymətində artım meyilləri müşahidə olunur. Əgər sadalanan problemlər davam edərsə, xüsusilə Hindistandan idxal olunan düyünün qiymətində daxili bazarda artımların baş verməsi mümkündür.
Ekspert əlavə edib ki, qiymət artımının konkret faizini proqnozlaşdırmaq çətindir. Bu prosesin nə qədər davam etməsi, yerli istehsalçıların mənfəət norması, eləcə də son dövrlərdə baş verən İran–ABŞ–İsrail gərginliyinin logistika xərclərinə təsiri kimi müxtəlif amillər qiymətlərin formalaşmasına təsir göstərə bilər.
Onun fikrincə, hazırkı vəziyyətdə bir məsələ aydındır ki, düyünün qiymətinin artması istiqamətində bazarda müəyyən təzyiq meyilləri artıq müşahidə olunur.
Gülnaz Abdullazadə.
