İRƏVANDAN Moskvaya sərt MESAJ: "Ermənistan heç kimin mülkü deyil..."

Ermənistanda seçki kampaniyası yaxınlaşdıqca Rusiya amili və Moskvanın İrəvana təsiri ətrafında ritorika daha da sərtləşir.

Referans Media erməni mediasına istinadən xəbər verir ki,  “Ermənistan” fraksiyasının keçmiş üzvü, hazırda isə müstəqil deputat olan Geqam Nazaryan həm Rusiyaya yaxın qüvvələri, həm də “Güclü Ermənistan” blokunu sərt tənqid edib.


Picture background

Nazaryan bildirib ki, Ermənistanın əsas təhlükəsizlik təminatı xarici güclər deyil, Ermənistan vətəndaşlarının dövlət müstəqilliyinə münasibətidir. Onun fikrincə, Ermənistan cəmiyyəti müstəqilliyin dəyərini anlayarsa, heç bir xarici qüvvə ölkənin suverenliyinə müdaxilə etməyə cəhd göstərməz.

Deputat xüsusilə “TRIPP” layihəsi ətrafında yaranmış polemikaya toxunaraq, bəzi siyasi qüvvələrin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu iddia edib.

O bildirib ki, Ermənistanda “Rusiya kömək etsin”, “İran kömək etsin” çağırışları edən  və Ermənistanı guya xarici təhlükə altında göstərməyə çalışan siyasi qüvvələr mövcuddur və belə qüvvələr ölkənin siyasi həyatından çəkilməlidir.

Nazaryanın fikrincə, Ermənistanda başqa dövlətlərin maraqları ilə hərəkət edən qüvvələr seçkilərdə fəal iştirak edir və cəmiyyətə dolayı təzyiq göstərməyə çalışır. O iddia edib ki, bəzi dairələr Rusiyadakı əlaqələrindən istifadə etməklə Ermənistan iqtisadiyyatına, xüsusilə çiçək, çiyələk, şərab və konyak ixracına zərbə vurmaqla seçicilərə mesaj göndərmək istəyir: Ermənistan “müstəqil siyasət aparmağa” çalışarsa, daha ağır nəticələrlə üzləşəcək.

Deputat açıq şəkildə Moskvanın ritorikasının iyunun 7-də keçiriləcək seçkilərə qədər daha da sərtləşəcəyini gözlədiyini bildirib. Onun sözlərinə görə, Ermənistandan Rusiyaya gedən bəzi siyasətçilər orada Ermənistan xalqını “təzyiqə həssas xalq” kimi təqdim edir və iqtisadi zərbə vasitəsilə seçicilərin davranışına təsir göstərməyə çalışırlar.


Picture background

Nazaryan Rusiyanın bəzi siyasi dairələrində Ermənistana münasibətin imperiya təfəkkürü üzərində qurulduğunu da iddia edib. O, Rusiyada yüksək səviyyəli bir deputatın bir neçə il əvvəl “Ermənistan, Gürcüstan və Azərbaycan sizin deyil, bizimdir” məzmunlu ifadələr işlətdiyini xatırladaraq bildirib ki, Moskva postsovet ölkələrini tam müstəqil dövlətlər kimi qəbul etmədiyi müddətdə problemlərlə üzləşəcək.

Erməni deputat Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova və keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu barədə də sərt danışıb. Onun sözlərinə görə, Moskvanın bəzi rəsmi dairələrində belə Zaxarovanın açıqlamalarına ciddi yanaşılmır.

Deputat çıxışının sonunda seçicilərə çağırış edib və “Güclü Ermənistan” blokunun mümkün qədər az səs toplamasını arzuladığını bildirib. Nazaryanın sözlərinə görə, bu qüvvələr Ermənistanın maraqlarını deyil, başqa siyasi gündəmləri təmsil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki